Ulu Öndərin ən böyük arzusu – tam suveren Azərbaycan

Hər bir böyük şəxsiyyətin həyatını və fəaliyyətini
müəyyən edən ali məqsəd, onu gələcək nəsillərin yaddaşında yaşadan böyük amal
olur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətinin
mərkəzində dayanan ən böyük amal isə güclü, müstəqil, ərazi bütövlüyü və
suverenliyi tam təmin olunmuş Azərbaycan dövləti yaratmaq idi. O, müstəqilliyi
yalnız siyasi akt kimi deyil, milli iradənin təcəssümü, xalqın gələcəyinin təminatı
və dövlətçiliyimizin əbədi yaşamasının əsas şərti kimi qiymətləndirirdi. Bu gün
Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər göstərir ki, Ulu Öndərin ən böyük
arzusu reallığa çevrilmişdir.
Müstəqilliyin ilk illərində Azərbaycan
son dərəcə mürəkkəb geosiyasi və hərbi vəziyyətlə üzləşmişdi. Ermənistanın hərbi
təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkə daxilində siyasi böhran dərinləşir,
dövlətçilik ciddi təhlükə altında qalırdı. Belə bir şəraitdə Heydər Əliyev Azərbaycan
dövlətinin qorunmasını və möhkəmləndirilməsini qarşıda duran ən vacib vəzifə
kimi müəyyənləşdirdi. O, yaxşı anlayırdı ki, müstəqilliyin taleyi yalnız
bugünkü problemlərin həlli ilə deyil, gələcək onilliklər üçün düzgün strateji
kursun müəyyən olunması ilə bağlıdır.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
qayıdan Ulu Öndər ilk növbədə dövlətçiliyin əsaslarını möhkəmləndirdi.
İctimai-siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu, iqtisadi
inkişaf strategiyasının hazırlanması və milli ordunun formalaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər Azərbaycanın gələcək uğurlarının təməlini yaratdı. Həmin
dövrdə atılan addımların hər biri əslində daha böyük məqsədə – ərazi
bütövlüyünün və dövlət suverenliyinin bərpasına xidmət edirdi.
Heydər Əliyev dəfələrlə vurğulayırdı ki,
Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq və ölkənin ərazi bütövlüyü
mütləq bərpa olunacaq. Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan
beynəlxalq aləmdə öz haqlı mövqeyini möhkəmləndirdi, iqtisadi və siyasi
imkanlarını genişləndirdi, güclü ordu quruculuğunun əsaslarını yaratdı. O dövrdə
formalaşdırılan dövlətçilik strategiyası sonrakı tarixi uğurların əsas mənbəyinə
çevrildi.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs
Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun şəkildə
uğurla davam etdirildi. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadi,
siyasi və hərbi baxımdan regionun ən güclü dövlətinə çevrildi. Milli maraqlara əsaslanan
prinsipial siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi,
müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirildi.
Nəticədə Azərbaycan xalqı öz tarixinin ən
şanlı səhifələrindən birini yazdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə
edilən möhtəşəm Zəfər Ermənistanın uzun illər davam edən işğal siyasətinə son
qoydu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
torpaqlarımızı işğaldan azad etdi və tarixi ədaləti bərpa etdi. Bununla belə,
dövlətimizin qarşısında duran əsas məqsəd yalnız ərazi bütövlüyünün deyil, həm
də tam suverenliyin təmin olunması idi.
2023-cü ildə həyata keçirilən antiterror
tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində
tam bərpa olundu. Bununla da uzun illər ərzində qarşıda duran ən mühüm milli hədəf
gerçəkləşdi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütün ölkə ərazisində
təmin edildi, dövlət bayrağımız suverenliyimizin rəmzi olaraq bütün torpaqlarımızda
dalğalanmağa başladı.
Bu tarixi nəticə yalnız hərbi və siyasi
qələbə deyil, eyni zamanda Heydər Əliyev ideyalarının və dövlətçilik
strategiyasının təntənəsidir. Çünki Ulu Öndərin yaratdığı möhkəm siyasi təməl,
formalaşdırdığı dövlətçilik məktəbi və müəyyən etdiyi inkişaf kursu olmasaydı,
bu böyük hədəflərə çatmaq mümkün olmazdı. Bu gün Qarabağda və Şərqi Zəngəzurda
həyata keçirilən genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin
doğma yurdlarına qayıdışı və bölgənin yenidən dirçəldilməsi həmin tarixi siyasətin
davamıdır.
Prezident İlham Əliyev dəfələrlə
vurğulayıb ki, Azərbaycan xalqı Ulu Öndərin vəsiyyətini yerinə yetirib. Həqiqətən
də, bu gün ölkəmizin əldə etdiyi nəticələrə nəzər saldıqda görürük ki, Heydər
Əliyevin ən böyük arzusu artıq reallıqdır. Azərbaycan yalnız müstəqil dövlət
deyil, eyni zamanda öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qüdrətli
dövlətdir.
Tarix bəzi şəxsiyyətlərə xalqların
taleyini dəyişmək missiyası verir. Heydər Əliyev də belə nadir liderlərdən idi.
Onun ömrünü həsr etdiyi dövlətçilik idealları bu gün öz ən yüksək zirvəsinə
çatmışdır. Güclü iqtisadiyyata, müasir orduya, yüksək beynəlxalq nüfuza və tam
suverenliyə malik Azərbaycan Ulu Öndərin həyat amalının, siyasi irsinin və
böyük arzularının ən möhtəşəm təcəssümüdür.
Zülfəli Muradov,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədri
Neftçala Rayon Telekommunikasiya
Qovşağının rəisi
Digər xəbərlər



