Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

2019-06-18 Baxış: 642
img

18.06.2019

Azərbaycanla İran arasında 2002-ci ilin mayında Tehran şəhərində imzalanmış “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası iyunun 12-13-də Bakıda keçirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Mənuçehr Salmanzadə rəhbərlik edib.

İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov son illər Azərbaycanda irimiqyaslı islahatların həyata keçirilməsindən, respublikanın beynəlxalq aləmə inteqrasiyası istiqamətində əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycan ilə İran arasında ikitərəfli əlaqələrdən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən iri regional layihələrdən danışıb.

Həbib Həsənov qeyd edib ki, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 446 mln. ABŞ dolları təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 74 faiz artıq olub.

İkitərəfli görüş zamanı əldə edilən digər razılıq "Bakı-Məşhəd" müntəzəm sərnişin daşıma marşrutunun açılması və Azərbaycanda qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran  ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə olub.

Yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzrədə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə “Azərbaycan-İran Qarışıq Komissiyası”-nın növbəti iclası öz işinə yekun vurub.