Qobustanda iki yeniyetmə oğlan göldə batıb

2019-06-22 Baxış: 678
img

22.06.2019

Qobustan rayonunda iki yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində ölüb. 

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata  görə, ötən gün axşam saatlarında Qobustan rayonu Acıdərə adlanan ərazidə məskunlaşan və ailəsi ilə birgə heyvandarlıqla məşğul olan Füzuli rayonundan olan məcburi köçkün, 2001-ci il təvəllüdlü İbadov Mənsim Mövsüm oğlu və Şamaxı rayonu Təklə kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev Fərid Elsevər oğlu göldə çimərkən boğulublar. 

Valideynləri övladlarından xəbər almadıqları üçün axtarışına başlayıblar. 

Bu gecə saat 01:00 radələrində onların paltarları gölün kənarından tapılıb. 

Suda axtarış aparılaraq meyitlər tapılıb və müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan rayon şöbəsinə verilib.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.