Peşə təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlanıb

2019-08-02 Baxış: 694
img

02.08.2019

Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili bildirib ki, bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Onun sözlərinə görə, peşə təhsili müəssisələrinə ərizə qəbulu 5–20 avqust tarixlərində Bakı və rayonlarda 15 “ASAN xidmət” mərkəzində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçiriləcək.

A. Əlili qeyd edib ki, 145 ixtisas üzrə sənəd qəbulu həyata keçiriləcək, bu ixtisaslardan 23-ü yenidir.