Prezident İlham Əliyev Bakının Atatürk prospektində yerləşən parkda yaradılan şəraitlə tanış olub

2019-10-01 Baxış: 503
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

MAYAKİNFO-nun məlumatına görə, Başı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya parkda görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, parkda yenidənqurma işlərinə cari ilin may ayından başlanılıb. Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Parkda uşaq əyləncə və trenajor qurğuları quraşdırılıb. Burada, həmçinin konsert meydançası da var.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən layihələr ölkəmizin ümumi inkişafına sanballı töhfələr verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan sosial-iqtisadi inkişafına görə dünyada lider ölkələrdən biridir. Əldə olunan nailiyyətlər Azərbaycanın bütün regionlarının, o cümlədən paytaxt Bakının da timsalında aydın görünür. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən paytaxtımızda icra olunan layihələr nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Paytaxt Bakı gündən-günə abadlaşır, müasirləşir və yenilənir. Bu baxımdan yeni park və xiyabanların salınması, mövcudlarının yenidən qurulması, sosial obyektlərin inşası, ictimai yerlərin istifadəyə verilməsi xüsusi rol oynayır. Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkın əsaslı şəkildə yenidən qurulması da mühüm əhəmiyyət daşıyır. Bu layihənin icrası, eyni zamanda, son dövrlərdə paytaxtımızda aparılan abadlıq-quruculuq işlərinin həcmini də nümayiş etdirir və bu istiqamətdə görülən tədbirlərin ardıcıl xarakter aldığını göstərir. Ümumilikdə, indiyədək şəhərimizin daha da abadlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər vətəndaşların istirahətinin, asudə vaxtlarının səmərəli təşkilinə hərtərəfli imkan yaradır. Bakının müasir sosial infrastrukturundan paytaxt sakinləri ilə yanaşı, şəhərimizin çoxsaylı qonaqları da istifadə edirlər. Şübhəsiz ki, bütün zəruri infrastrukturla təchiz olunan belə müasir parkların yaradılması turistlərin istirahətinin dolğun və maraqlı təmin olunması işində, onların ölkələrinə Bakıdan zəngin təəssüratlarla qayıtmalarında da böyük rol oynayır. Ümumi sahəsi 6.5 hektar olan bu istirahət məkanının yenidən qurulması bir daha nümayiş etdirir ki, Azərbaycan dövləti tərəfindən insanların rahatlığı, onların sağlamlığı, bir sözlə, vətəndaşların sosial məsələlərinin həllinə daim xüsusi həssaslıqla yanaşılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyev parkda sakinlərlə görüşdülər.