FHN: Xəzərdə itkin düşən Neftçalalı balıqçının axtarışları davam etdirilir. Video

2019-10-14 Baxış: 1209
img

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir.

MAYAKİNFO-nun FHN-nin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, hadisə ilə əlaqədar Qazaxıstan Daxili İşlər Nazirliyinə, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Türkmənistan Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müraciət olunub. Həmçinin, xilas olunmuş 3 nəfər balıqçıdan biri hadisə yerinin bir daha dəqiqləşdirilməsi məqsədilə helikopterdə axtarış-xilasetmə işlərinə cəlb olunub.
Axtarışlar nəticəsində “ABA1074” seriyalı kiçik həcmli motorlu qayıq yararsız hala düşmüş vəziyyətdə tapılıb, lakin ərazidə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nöm­rəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub. Bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlumatlandırılıb. Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilib və 9 oktyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gə­minin bortuna götürülüblər. Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib.  Üzmə heyətinin digər üzvü Neftçala rayo­nu­nun sakini 1976-cı il təvəl­lüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib.