Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.
MAYAKİNFO xəbər verir ki, dövlətimizin başçısı pansionatda yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. Burada müalicə alanların reabilitasiyasında müasir metodika ən qabaqcıl texnologiyanın tətbiqi ilə paralel təşkil olunacaq.
Pansionatda Abşeronun iqliminə xas olan klimoterapiya bu müalicə ocağının əsas özəlliklərindən biridir. Burada mövsümə uyğun iqlimlə müalicə imkanları ilə yanaşı, fizioterapiyanın da demək olar bütün sahələri əhatə edilib.
Bildirilib ki, post-müharibə dövründə bu tip müalicə mərkəzlərinin əhəmiyyəti xüsusi nəzərə çarpır. Müalicə xidməti ilə bərabər, əlilliyi olan şəxslərin sosial statusunun bərpası, cəmiyyətə inteqrasiyası əsas məsələlərdəndir.
Bu il istifadəyə verilməsi gözlənilən Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ və Şəmkir Uşaq Reabilitasiya mərkəzləri də daxil olmaqla, ümumilikdə reabilitasiya xidmətləri göstərilən şəxslərin sayı 30 min nəfərə çatacaq, 2018-ci ildə isə bu potensial cəmi 10 min nəfərə bərabər idi.
Müharibədən sonrakı dövrdə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib, 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Vətən müharibəsində yaralanmış şəxslərin 90 faizi ilə artıq evlərində görüş keçirilib. Amputasiyası olan 301 nəfərdən 109-nun protez ehtiyacları müəyyən edilib. 2021-ci ildə onların protezlə təmin olunması planlaşdırılır.
Digər xəbərlər