Mehriban Əliyeva Kürdəxanı qəsəbəsə sakininin evində qonaq olub
22.05.2019
Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.
MAYAKİNFO xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gediblər. Məlumat verilib ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxdılar, müəllim və şagirdlərlə görüşüblər.
113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verilib ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar.
Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.
Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirib ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ediblər.
Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib.
Digər xəbərlər