Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilib.

1918-ci
il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman Şərqində
ilk parlamentli respublika idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq,
bu dövlət demokratik idarəçilik, hüquqi bərabərlik və vətəndaş azadlıqları sahəsində
mühüm islahatlar həyata keçirdi. Həmin islahatlardan ən mühümü qadınlara seçmək
və seçilmək hüququnun verilməsi idi.
1918-ci
ilin noyabrında qəbul edilən seçki qanununa əsasən, 20 yaşına çatmış bütün vətəndaşlara
seçkilərdə iştirak hüququ verildi. Bu hüquq qadınlara da şamil edildi. Beləliklə,
Azərbaycan qadınları kişilərlə bərabər siyasi hüquqlara sahib oldular. Bu addım
təkcə Şərq üçün deyil, dünya miqyasında da çox irəli bir qərar idi.
Bir
çox Avropa ölkələrində qadınlara seçki hüququ daha gec verilmişdir. Məsələn, bəzi
inkişaf etmiş dövlətlərdə qadınlar yalnız 1920–1940-cı illərdə səsvermə hüququ əldə
etmişdilər. Azərbaycan isə 1918-ci ildə bu hüququ təmin etmişdi. Bu fakt
AXC-nin nə qədər müasir və demokratik düşüncəyə malik olduğunu göstərir.
XX
əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatı geniş yayılmışdı. Qız məktəblərinin
açılması, qadın təhsilinin inkişafı və mətbuatın rolu qadınların ictimai fəallığını
artırmışdı. Məhz bu zəmin üzərində qadınlara siyasi hüquqların verilməsi mümkün
oldu.
Bu
qərar qadınların cəmiyyətin passiv üzvü deyil, dövlət quruculuğunda fəal
iştirak edən vətəndaş kimi qəbul edildiyini göstərirdi. Qadınların seçki hüququ
onların sosial statusunun yüksəlməsinə, təhsil və mədəniyyət sahəsində daha
geniş iştirakına yol açdı.
1920-ci
ildə AXC süqut etsə də, onun qoyduğu demokratik irs Azərbaycan tarixində silinməz
iz buraxdı. Qadınlara seçib-seçilmək hüququnun verilməsi bu irsin ən mühüm
nailiyyətlərindən biri hesab olunur.
Bu
gün müstəqil Azərbaycan Respublikasında gender bərabərliyi prinsipi
Konstitusiyada təsbit olunmuşdur və qadınlar dövlət idarəçiliyində, parlamentdə
və digər sahələrdə fəal iştirak edirlər. Bütün bunların tarixi kökü məhz
1918-ci ildə atılmış cəsarətli və mütərəqqi addıma dayanır.
Şərqdə
ilk dəfə qadınlara seçib-seçilmək hüququnun məhz Azərbaycanda verilməsi
xalqımızın demokratik düşüncə tərzinin, maarifçilik ənənələrinin və müasir dövlətçilik
ideyalarının bariz nümunəsidir. Bu hadisə Azərbaycan tarixinin ən qürurverici səhifələrindən
biridir və ölkəmizin dünya demokratiya tarixində xüsusi yer tutduğunu sübut
edir.
Arzu
Zərbəliyeva
YAP
fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı.
Digər xəbərlər



