Dövlət–qadın siyasətinin memarı – Ulu Öndər Heydər Əliyev

2026-03-08 Baxış: 24
img

Azərbaycan tarixinin bütün mərhələlərində qadın amili yalnız ailə institutunun deyil, bütövlükdə milli-mənəvi dəyərlər sisteminin, ictimai tərəqqinin və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır. Müasir müstəqil Azərbaycan dövlətində isə qadın siyasəti strateji istiqamət kimi müəyyən edilmiş, bu sahədə sistemli və ardıcıl dövlət konsepsiyası formalaşdırılmışdır.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və strateji inkişaf modelinin müəllifi olan Heydər Əliyev qadın məsələsini heç vaxt yalnız sosial və ya məişət problemi kimi qiymətləndirməmişdir. O, qadınların cəmiyyət həyatında rolunu dövlətçilik konsepsiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirərək, gender bərabərliyini milli inkişafın əsas şərtlərindən biri hesab etmişdir.

Ulu Öndərin siyasi fəlsəfəsində qadın amili milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və sağlam nəslin formalaşdırılması ilə birbaşa əlaqələndirilirdi. Onun fikrincə, qadının hüquqları qorunmadan demokratik cəmiyyət qurmaq mümkün deyil. Məhz buna görə də müstəqilliyin ilk illərində mürəkkəb ictimai-siyasi və iqtisadi şəraitə baxmayaraq, qadın hüquqlarının təminatı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildi.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası qadın və kişi hüquq bərabərliyini ali hüquqi norma kimi təsbit etdi. Bu müddəa yalnız formal hüquqi prinsip deyil, eyni zamanda dövlət idarəçiliyində və ictimai-siyasi həyatda qadın iştirakının təmin edilməsinin hüquqi zəmanəti idi. Konstitusiyanın qəbulundan sonra qadınların parlamentdə, icra strukturlarında və yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ardıcıl şəkildə artmağa başladı.

Ulu Öndərin 14 yanvar 1998-ci il tarixli “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamı qadın siyasətinin institusional əsaslarının formalaşdırılmasında mühüm mərhələ oldu. Həmin sənəd dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirərək, qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların qərar qəbuletmə mexanizmlərində iştirakının artırılması və gender bərabərliyi prinsiplərinin həyata keçirilməsi istiqamətində sistemli tədbirlərin başlanğıcını qoydu.

Bunun davamı olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması qadın məsələlərinin koordinasiyalı və məqsədyönlü şəkildə həllinə imkan verdi. Daha sonra 2000-ci ildə təsdiq edilən Milli Fəaliyyət Planı isə gender siyasətinin strateji çərçivəsini müəyyənləşdirərək dövlət proqramlarının icrasına zəmin yaratdı.

Heydər Əliyevin qadın siyasətinin mühüm cəhətlərindən biri milli xüsusiyyətlərin nəzərə alınması idi. O, sovet dövründən qalma formal bərabərlik anlayışını real imkan və şəraitin yaradılması prinsipi ilə əvəz etdi. Qadınların yalnız əmək bazarında deyil, elm, təhsil, səhiyyə, mədəniyyət və dövlət idarəçiliyində lider mövqelərə yüksəlməsi üçün geniş imkanlar formalaşdırıldı.

Ulu Öndərin çıxışlarında qadınların cəmiyyətdəki rolu daim yüksək qiymətləndirilmişdir. O vurğulayırdı ki, qadınların üzərinə düşən vəzifələr ağır olsa da, onlar bu məsuliyyəti şərəflə yerinə yetirir və cəmiyyətin aparıcı qüvvəsinə çevrilirlər. Bu yanaşma qadına hörmətin yalnız siyasi bəyanat səviyyəsində deyil, real dövlət siyasətində təzahür etməsinin göstəricisi idi.

Beləliklə, Heydər Əliyevin formalaşdırdığı dövlət–qadın siyasəti müstəqil Azərbaycanın demokratik inkişaf modelinin ayrılmaz hissəsinə çevrildi. Onun müəyyən etdiyi strateji xətt bu gün də davam etdirilir və qadınların ictimai-siyasi fəallığının artması ölkənin dayanıqlı inkişafının mühüm göstəricilərindən biri kimi çıxış edir.

Yeni yüzillikdə dövlət qadın siyasəti daha da dərinləşdirilmiş və müasir çağırışlara uyğun zənginləşdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun hüquqi bazanı daha da möhkəmləndirmişdir.

Qadınların dövlət idarəçiliyində, parlamentdə, diplomatik korpusda, elmdə, təhsildə və sahibkarlıqda artan təmsilçiliyi həyata keçirilən siyasətin real nəticəsidir. Bu gün Azərbaycan qadını yalnız ailənin deyil, həm də dövlət idarəçiliyinin və strateji qərarların fəal iştirakçısıdır.

Hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dövlət başçısının ünvanladığı təbriklərdə qadınların milli kimliyin qorunmasında, azərbaycançılıq məfkurəsinin yaşadılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rolu xüsusi vurğulanır.

Müasir Azərbaycan dövlətinin beynəlxalq imicinin formalaşmasında humanitar diplomatiya mühüm istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə aparılan məqsədyönlü və sistemli fəaliyyətin önündə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dayanır. Onun çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının yüksək intellektual potensialının, humanizm və mərhəmət ənənələrinin beynəlxalq miqyasda təcəssümüdür.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq uzun illərdir ki, ölkəmizin humanitar və mədəni diplomatiyasının əsas platformasına çevrilmişdir. Fondun həyata keçirdiyi layihələr yalnız sosial yardım xarakteri daşımır, eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin, multikultural dəyərlərinin və tolerantlıq ənənələrinin dünyaya tanıdılmasına xidmət edir.

Təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və tarixi-mədəni irsin qorunması istiqamətində reallaşdırılan proqramlar həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə geniş rezonans doğurmuşdur. Məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin inşası və əsaslı təmiri, aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən dəstək sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edən real addımlardır.

Humanitar diplomatiya sahəsində atılan mühüm addımlardan biri də Azərbaycanın mədəni irs nümunələrinin beynəlxalq səviyyədə qorunması və təbliğidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə tarixi abidələrin bərpasına dəstək göstərilməsi, mədəniyyətlərarası dialoqun təşviqi və beynəlxalq humanitar forumların təşkili Azərbaycanın qlobal əməkdaşlıq mühitində etibarlı tərəfdaş imicini gücləndirmişdir.

Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm elementi kimi humanitar layihələr ölkəmizə yeni dostlar qazandırmaqla yanaşı, beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın artmasına da töhfə verir. Bu fəaliyyət, əslində, dövlətin strateji maraqlarına xidmət edən mədəni və mənəvi körpülərin qurulmasıdır.

Mehriban xanım Əliyevanın fəaliyyəti eyni zamanda Azərbaycan qadınının ictimai liderlik modelini nümayiş etdirir. O, milli dəyərlərə sadiqliyi, xeyirxahlıq missiyası və yüksək təşkilatçılıq qabiliyyəti ilə qadınların dövlət idarəçiliyində və beynəlxalq platformalarda rolunun artmasının parlaq nümunəsidir. Onun təşəbbüsləri nəticəsində Azərbaycan humanitar əməkdaşlıq məkanında fəal və nüfuzlu mövqeyə sahib olmuşdur.

Birinci vitse-prezident kimi fəaliyyəti dövründə sosial islahatların dərinləşdirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşma və şəffaf idarəçilik prinsiplərinin təşviqi də humanizmə əsaslanan idarəçilik modelinin göstəricisidir. Bu yanaşma cəmiyyətlə dövlət arasında etimad mühitini daha da möhkəmləndirir.

Beləliklə, Mehriban xanım Əliyevanın humanitar diplomatiya sahəsindəki fəaliyyəti təkcə xeyriyyəçilik təşəbbüsləri ilə məhdudlaşmır; bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mədəniyyətlərarası dialoqun inkişafına və qlobal humanitar əməkdaşlığın güclənməsinə yönəlmiş ardıcıl və strateji fəaliyyətdir. Onun fəaliyyəti Azərbaycan qadınının mərhəmət, zəka və liderlik keyfiyyətlərinin müasir dövrdə ən yüksək səviyyədə təcəssümüdür.

Son dörd ildə Azərbaycan qadını Beynəlxalq Qadınlar Gününü xüsusi qürur hissi ilə qeyd edir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə yalnız hərbi zəfər deyil, həm də milli ruhun təntənəsi idi.

Bu Qələbənin mənəvi təməlində Azərbaycan anasının yetişdirdiyi vətənpərvər, iradəli və fədakar nəsil dayanır. Şəhid analarının mətanəti, qazilərin ailələrinin səbr və dəyanəti Azərbaycan qadınının əsl qəhrəmanlıq simasını nümayiş etdirdi.

Azərbaycan qadını tarix boyu olduğu kimi, bu gün də dövlətçiliyin dayağı, milli həmrəyliyin təminatçısı və gələcək nəsillərin formalaşdırıcısıdır.

 

 

 

Bayram Xudayarov

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.