Ölkədə qadın siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur.

2026-03-08 Baxış: 25
img

Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Həmçinin büdcənin və digər qanunvericilik sənədlərin gender ekspertizasının keçirilməsi də vacib məsələlərdəndir ki, bu sahədə də nailiyyətlər əldə etmişik.

Ölkəmizdə qadın hüquqlarının geniş müstəvidə əks olunması və problemlərin qanunvericilik çərçivəsində həllində Heydər Əliyevin beynəlxalq təşkilatlara qəbul olunmasındakı təşəbbüsü də müsbət nəticə vermişdir. Heydər Əliyevin geniş və uğurlu dövlət qadın siyasəti həm ölkə daxilində, həm də xaricdə özünü büruzə verirdi və xarici təcrübə öyrənilərək tətbiq edilirdi. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq onların qadın məsələlərini əhatə edən konvensiyalarını, protokollarını qəbul etmiş və qanunvericiliyimizdə qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir. Azərbaycanın 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsindən sonra bir sıra təşkilatlara üzv seçilməsi cəmiyyətin inkişafında və dövlət müstəqilliyinin qurulmasında qadınların rolunun daha da artmasına gətirib çıxarmışdı.

Azərbaycan 1992-ci ildə avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına və digər layihələr çərçivəsində olan tədbirlərə qoşulmuşdur. Ölkəmiz, həmçinin, Beynəlxalq Əmək Təşkilatının qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” 45 saylı BƏT Konvensiyasını, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” 100 saylı BƏT Konvensiyasını, “Analığın mühafizəsi haqqında” 103 saylı BƏT Konvensiyasını, “Əmək və məşğulluq sahəsində ayrı- seçkilik haqqında” 111 saylı BƏT Konvensiyasını və 29 yanvar 1957-ci il tarixli “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyanı da qəbul etmişdir.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsi Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdi. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması olmuşdu. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını və sülhə, gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdi. IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətlədirilə bilər. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də, Ümummilli Lider Heydər Əliyev “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixli Fərman imzalamışdı. Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunmuşdur. Milli Komitə bir il ərzində Pekin konfransına ciddi hazırlaşmışdı. Ulu Öndər bu məsələni diqqətində saxlayırdı. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20%-i işğal altında olan, müharibənin ağrı-acılarını yaşayan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Ümumilli Lider xalqa müraciət edərək demişdir. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edilmiş, qadın və təhsil, qadın və sağlamlıq, qadınlara qarşı zorakılıq, qadınlar və silahlı münaqişələr, qadınlar və yoxsulluq, qadınların insan hüquqları, qərar qəbuletmədə qadınların rolu və digər bu kimi vacib məsələlər diqqət mərkəzinə gətirilmişdi. Bu gün qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər.

 

 

           İsmayıl Salmanov

           YAP hacıqabul rayon təşkilatının məsləhətçisi.