Aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətlərindən biridir

2021-04-23 Baxış: 480
img

Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabət qabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətidir. Bünövrəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzun müddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə iqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Bunun nəticəsində ölkədə böyük sahibkarlıq təbəqəsi formalaşmış və iqtisadi inkişafda özəl sektorun payı daha da artmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdir. Bildiyimiz kimi müasir dünyada ölkələrin əsas inkişaf göstəricisi iqtisadiyyatın sənayeləşməsi ilə ölçülür. Kənd təsərrüfatının sənayeləşməsi bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün həyata keçirilməsi ən vacib olan prosseslərdən biridir. Bunun hesabına məhdud əraziyə malik olan AFR, Yaponiya, İsveçrə kimi ölkələr dünyanın sahəcə ən böyük ölkələri ilə müqayisədə daha çox məhsul istehsal edir. İndi dünyada özünü təsdiq edən aqropark- biznes modeli olaraq ilk dəfə Niderlandda yaranmışdır. O, kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, daşınmasını və digər xidmətləri əhatə etməklə bu zənciri özündə birləşdirən təsərrüfat subyektidir. Aqroparklarda bütün bu proseslər yüksək gəlirlilik şəraitində həyata keçirilir. Bununla yanaşı, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaranır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanda yaradılmış ilk aqropark-"Yalama Aqropark"I olmuşdur. Hal-hazırda isə Respublikamızda fəaliyyət göstərən aqroparkların sayı 33-ə çatmışdır. Ümumilikdə, ölkəmizdə 52 aqroparkın yaradılması planlaşdırılır. Həmin təsərrüfatlar Respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə olacaq və onların ümumi dəyəri 2,4 milyard manat təşkil edəcəkdir. “Yalama Aqropark”ın iki illik fəaliyyətinin hesabatına nəzər yetirsək kənd təsərrüfatı məhsullarının məhsuldarlıq göstəricilərinin yüksəlişini aydın şəkildə görmək olar. Belə ki, son 2 əkin ilində dənlik qarğıdalı əkinində hektardan 15 ton məhsul yığılmışdır ki, bu da ölkə üzrə indiyə qədər əldə edilmiş ən yüksək məhsuldarlıq göstəricisidir. Aqroparkın heyvandarlıq təsərrüfatı saxlanılan heyvan sayı, həmçinin daimi işçi heyətinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir. Daxili istehlakın idxaldan asılılığının aradan qaldırılması, regionlarda işsizliyin minimum endirilməsi və əhalimizin rifah halının yüksəldilməsi baxımından kənd təsərrüfatında intensiv yola keçilməsi artıq şərt olmuşdur. Həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkəmiz əhalinin kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi məhsullarına olan tələbatını ödəməyə və hətta bu məhsulların böyük həcmdə ixracına nail olmağa imkan verəcəkdir.

Həbulla Rəhimov

Neftçala rayon ziyalısı, müəllim