Azərbaycan Qoşulmama Hərəkatında öz sülh missiyasını layiqincə həyata keçirir

2021-07-17 Baxış: 330
img
Qoşulmama Hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. Məhz bu səbəbdən Azərbaycan bu hərəkatın üzvüdür. Azərbaycan hər zaman humanitar və sülh missiyasını layiqincə yerinə yetirib.  Azərbaycan bu hərəkata 2011-ci ildə qoşulub və 2019-2022-ci illərdə Hərəkatın sədrliyi ölkəmizə həvalə edilib. Bu vaxta qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu diplomatiya nəticəsində biz bir çox ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər qurmuşuq. Bununla yanaşı, dünyanın bir çox dövlətləri də regionun lideri olan Azərbaycanla dostluq münasibətlərinin yaradılmasında daim maraqlıdırlar.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürdüyü gündən başlayaraq, bir sıra nailiyyətlər əldə etmişdir. Belə ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri olaraq, ilk növbədə, dünyanı iflic vəziyyətinə salmış pandemiyaya qarşı birgə mübarizə aparmaq və bütün səylərin səfərbər edilməsi məqsədilə beynəlxalq təşəbbüslərlə çıxış edib. İlk növbədə, təşəbbüsümüzlə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olunmuşdur. Görüşdə Təmas Qrupunun üzvləri ilə yanaşı, BMT-nin Baş katibi, Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və digər vəzifəli şəxslər də iştirak etmişlər. Zirvə görüşündə qarşıya qoyulmuş hədəflərdən biri məhz tibbi ehtiyacların müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılması idi. Hansı ki, bu gün ÜST koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdiriilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir. Bununla yanaşı, ölkəmiz sədr olaraq mandat aldığı Hərəkatın adından qeyd olunan işləri görməklə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatına pandemiyaya qarşı mübarizədə effektivliyi artırmaq, habelə tibbi avadanlıqların alınması məqsədilə könüllü maliyyə töhfəsi etmişdir. Əlavə olaraq qeyd edək ki, həmin maliyyə vəsaitinin yarısının Qoşulmama Hərəkatına üzv olan dövlətlərdə pandemiyaya qarşı mübarizənin qarşısının alınmasında istifadə edilməsi nəzərdə tutulmuşdur. Bu gün ölkəmizin atdığı addımlar, ilk növbədə, dövlətimizin, sonra isə Hərəkatın nüfuzunun yüksəldilməsinə xidmət edir. Belə ki, ölkəmiz dünyada peyvəndin qeyri-bərabər bölünməsinə diqqət çəkərək, ümumi bəlaya qarşı mübarizədə birliyin vacibliyinə toxundu və qeyri bərabər bölgünün tam ədalətsiz olduğunu bəyan etdi. Bu dövrdə böyük nailiyyətlərimizdən biri - Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən Tovuz döyüşləri, eləcə də şanlı tariximizin ən böyük hadisəsi olan Vətən müharibəsi zamanı haqlı mübarizəmizin, habelə ərazi bütövlüyümüzün bərpasının dəstəklənməsi oldu. Məhz görülən genişmiqyaslı işlərin və atılan doğru addımların nəticəsində Qoşulmama Hərəkatına üzv dövlətlər Ermənistanın ölkəmizin ərazisini işğal etməsi və işğal faktını təsdiqləyən BMT-nin dörd qətnaməsinə istinad edərək, lap əvvəldən haqlı mövqeyimizi dəstəklədilər. Eyni zamanda, Vətən müharibəsi dövründə Birləşmiş Millətlər Təşkilatının üzvü olan bəzi dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni heçə sayaraq, qərəzli addımlar atmağa cəhd etdikləri anda Qoşulmama Hərəkatının üzv dövlətləri qərəzli addımların qarşısının alınmasında xüsusi fəallıq göstərdilər. Onlar qəbul ediləcək sənədin mətnində sözügedən dörd qətnaməyə istinad edilməli olduğunu bildirərək, bunun Azərbaycanın pozulmuş hüquqlarının müdafiəsi xarakteri daşıdığını bildirdilər. Bu, tələb həm beynəlxalq hüququn, həm də “Bandunq prinsipləri”nin tələbi idi. Əminliklə deyə bilərik ki, Azərbaycan siyasi müstəvidə öz gücünü artıq layiqincə nümayiş etdirib. Bu gün hər birimizin qarşısında duran ən mühüm vəzifələrdən biri azad olunmuş torpaqlarımızın yenidən qurulması və bərpa edilməsidir. Bu baxımdan Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq. Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları ona növbəti mərhələyə keçmək imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə, yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına da töhfə verə bilər. Bu isə böyük bir regionda Azərbaycanın strateji əhəmiyyətini artıracaq, o cümlədən iqtisadi potensialına təkan verəcəkdir. 
Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir. Fəxr edirik ki, doğma Vətənimiz olan Azərbaycan bu gün sayılıb-seçilən ölkələr sırasındadır. Bu isə uzaqgörən və səmərəli daxili və xarici siyasətin bariz nümunəsidir. Bəli, biz fəxr etməliyik ki, biz Azərbaycanlıyıq! 

                Elşad Möhnətov
                Neftçala rayon sakini