Rəsmi İrəvanın siyasi təxribatları fiaskoya məhkumdur

2021-08-18 Baxış: 445
img

Dünyada siyasi və ictimai kataklizmlərin daha intensiv xarakter aldığı hazırkı dönəmdə Cənubi Qafqaz regionunda baş verən hadisələr bir sıra aparıcı media orqanlarının manşetlərində günün əsas məsələləri kimi dəyərləndirilir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün sahələrdə münasibətlərin ən yüksək səviyyədə olması, beynəlxaq və regional platformalarda bu üç ölkənin biri-birini  dəstəkləməsi,  siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə əməkdaşlığın getdikcə inkişaf etməsi Azərbaycanın əhəmiyyətini bütün dünyada xeyli artırmışdır. Rusiya, Ermənistan və Azərbaycanın dövlət rəhbərləri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin bütün şərtlərinin dərhal və danışıqsız yerinə yetirilməsi, eləcə də sülh müqaviləsinin bağlanması və bununla da regionda davamlı sülhə nail olunması məsələsini Azərbaycan Hakimiyyətinin bu gün qarşıya qoymuş olduğu ən prioritet istiqamət kimi dəyərləndirmək olar. Özlərini “erməni siyasi elitası”na aid edən şəxslər, həmçinin politoloq və ekspertlər dövlətin suveren atributu olan sərhədlərin dəqiqləşdirilməsinin və ya ayrılmasının sülh və sabitlik, inkişaf və tərəqqi yolunda həlledici əhəmiyyətini təəssüf ki, hələ də anlamır, destruktiv mövqedə dayanırlar. Erməni təbliğat maşını dayanmadan Azərbaycan hərbçilərinin Ermənistan sərhədlərini pozması, erməni torpaqlarını ələ keçirməsi, atəşkəs rejimini pozması barədə feyk məlumatları dünya mediasına və siyasilərinə ötürür, ənənəvi “yazıq” və “əzabkeş” simalarını daha tünd boyalarda təqdim edirlər. 1991-ci ilin dekabrında MDB-nin yaranması haqda memorandum qəbul edilərkən, bütün birliyə daxil olan ölkələr bir-birinin torpaq bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyaraq, onu  imzaladılar. 1007 kilometr uzunluğu olan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ona görə indi ləngiyir ki, ermənilər 1993-cü ildə Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra həyasızcasına 10-15 km məsafədə bu rayonların ərazisinə daxil olaraq yol çəkib kənd salmış, erməni əhalini  qeyri-qanuni məskunlaşdırmış, ərazidən otlaq kimi istifadə etmişlər. 44 günlük Vətən Müharibəsinin nəticəsində ərazi bütövlüyümüz təmin olunduqdan sonra Azərbaycan tərəfi haqlı olaraq sərhədlərin delimitasiya və demarkasiyasını beynəlxalq qanunları, sovet dönəmindəki xəritələri, Vətən müharibəsindən sonrakı razılaşmaları əsas tutaraq hərəkət edir. Ermənilər sovet dövrü xəritələrini bu proses üçün əsas hesab etmirlər. Çünki, onda keçmiş dağlıq qarabağ muxtariyyətinin indiki ərazisinin də Azərbaycana aid olmasını qəbul etməlidirlər. Rusiyalı politoloq Maksim Şevçenkonun bu məsələdə tutarlı cavabı maraqlıdır: ” Ermənilər sovet dövrü xəritələrini əsas kimi qəbul etmək istəmirlərsə,  bəlkə onda Plini və Strabon dövrünün iki min il əvvəlki xəritələrindən istifadə olunsun?  Zəngəzur dəhlizinə gəldikdə isə Ermənistan rəhbərliyinin daxili auditoriyaya hesablanmış qeyri-konstruktiv yanaşmalarına baxmayaraq   Dövlət başçısı cənab İlham Əliyev iyunun 15-də Türkiyənin SNN kanalına verdiyi müsahibədə  Zəngəzur dəhlizi istiqamətində çəkilən dəmir yolu və avtomobil yolunun ermənilərin istəyindən asılı olmayaraq sona kimi başa çatdırılacağını vurğulamışdır. Prezident İlham Əliyev ermənilərin pozucu və təxribatçı hərəkətlərinin əsassız olduğunu, iki dövlət arasında qarşılıqlı anlaşmaya və dinamik inkişafa aparan sülh müqaviləsinin bağlanmasının qaçılmaz olduğunu göstərərək qeyd etmişdir: “Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli”.

 

         Firdovsi Tağıyev

         Neftçala rayon sakini, ziyalı, müəllim