Türk dünyası birliyinə xidmət edən Azərbaycan Qazaxıstan əlaqələri bu gün yüksələn xətt üzrə inkişaf edir!

2022-08-26 Baxış: 370
img


 

Siyasətçilər tərəfindən Azərbaycan Orta Asiyanın Qərb dünyasına açılan “qapısı” olaraq dəyərləndirilir. Orta Asiya dövlətləri arasında isə ən böyük beynəlxalq ticarət əlaqələri Qazaxıstan dövlətinin payına düşür. Məlumdur ki, MDB-nin tərkib hissəsi olan Qazaxıstan, öz təbii sərvətlərini-enerji məhsullarının əksər hissəsini dünya bazarına Rusiya vasitəsilə həyata keçirir ki, artıq regionda dəyişən vəziyyət, o cümlədən, Rusiya-Ukrayna arasında gedən müharibə, habelə, Rusiya və qərb dövlətləri arasındakı gərginlik, qərbə, okeana birbaşa çıxışı olmayan Orta Asiya dövlətlərinə, o cümlədən, Qazaxıstana bir çox maneələr yaradır. Dəyişən siyasi durum Qazaxıstanın artıq alternativ yollardan istifadə etməsinə zərurət yaratmışdır. Əlbəttə ki, bu istiqamətdə Qazaxıstanın çıxış yolu, illərdir dost və əməkdaşlıq etdiyi səmərəli Azərbaycan alternatividir.  Qeyd edək ki, 1996-cı ildən bəri Bakı-Ceyhan neft kəməri və digər nəqliyyat kommunikasiyası vasitəsilə ölkəmiz Qazaxıstan üçün bu istiqamətdə qismən tranzit rolunu oynamışdır. Məlumdur ki, Azərbaycanın Qazaxıstanla qədim köklərə uzanan tarixi, min illiklərə dayanan əlaqələri vardır. Bu əlaqələr sovet hakimiyyəti dövründə və postsovet dönəmində də davam və inkişaf etmişdir. İki ölkənin diplomatik əlaqələrinin dost və qardaşlıq prinsipi əsasında  qurulması Ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən həyata keçirilmişdir. Bu qarşılıqlı münasibət, sovet hakimiyyətinin süqutundan sonra öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan və Qazaxıstanın birgə əməkdaşlığı və əlaqələri, həmçinin, türk dünyasının hər iki güclü liderlərinin timsalında türk qardaşlığı və  türk xalqları birliyinə bünövrə, ilk təməlin töhfəsi olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə  Qazaxıstana ilk rəsmi  səfəri zamanı Nursultan Nazarbayev, Azərbaycan Prezidentinin güclü milli liderin layiqli davamçısı olduğuna, Azərbaycanın regionda və dünyada mövqeyini gücləndirəcəyinətam inamını əminlikləbildirmiş, bu fikirlərlədünya dövlətlərinə zəmanət mesajını ötürmüşdür. Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etməsini türk dünyası birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsi istiqamətində mesaj kimi də dəyərləndirmək yerinə düşər. Bu həmçinin, Orta Asiya dövlətlərinin, xüsusən də, Qazaxıstanın Azərbaycanla dövlətlərarası qarşılıqlı etimad və münasibətlərinin gələcək perspektivindən vəbər verir. Qazaxıstan Prezidentinin Azərbaycana bu dəfəki səfəri, müxtəlif sahələrə dair imzalanmış mühüm sənədlər, həyata keçirilmiş müzakirələr, əldə olunmuş razılaşmalar və yüksək nəticələrə zəmanət verən görüşlərlə yadda qalmışdır. Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi yer tutur ki, bu da Azərbaycanla Qazaxıstan arasında müttəfiqlik əlaqələri, ortaq məqsəd və hədəflər, strateji münasibətlərin möhkəmlənməsi, iki dost ölkə arasında əməkdaşlığın gələcək birgə fəaliyyətinin səmərəli istiqamətləndirilməsinə xidmət edəcəkdir. Burada enerji daşıyıcılarının dünya bazarlarına dəmir yolu, dəniz nəqliyyatı, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqli marşrutlarının inkişafı, eləcə də “Rəqəmsal İpək Yolu”, Asiyadan Xəzər dənizi ilə Avropaya qədər uzanan genişzolaqlı fiber-optik kabellər şəbəkəsi Cənubi Qafqazda və Mərkəzi Asiyada müasir rəqəmsal infrastrukturun yaradılmasına yönəlmiş proqram və layihələr yer almışdır.Bəyannamədə həmçinin, böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur hesabına nəqliyyat-logistika imkanlarının daha sıx iqtisadi inteqrasisıyanın təmin olunması, Orta Dəhlizin perspektivliyi, buraxıcılıq qabiliyyətinin artırılması və bu önəmli  bağlantının tərkib hissəsi olaraq ölkəmizin Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikasının nəqliyyat bağlantısının vacibliyi xüsusi qeyd edilmişdir. Tokayevin Bakiya rəsmi səfərində yadda qalan məqamlardan biri də Qazaxıstan Prezidentinin Azərbaycana layihə hədiyyəsi olmuşdur. Torpaqlarımız 30 ilin erməni işğalından azad edildikdən sonra başda qardaş Türkiyə olmaqla, Qarabağ Zəfərini bütün türk dünyasının ortaq qələbəsi hesab edən dost dövlətlər öz xoş niyyətlərini və sevinclərini  onun bərpasında iştirak etməkdə görür, Qarabağın yenidənqurma işlərinə töhfə verməklə öz xoş niyyətlərini bildirməyə çalışırlar. Artıq Qazaxıstan da bu qardaşlıq, əməkdaşlıq missiyasına öz imzası ilə daxil oldu, Füzuli şəhəri ilə Qazaxıstanın şəhərindən birinin qardaşlaşması və Qazax musiqiçisi Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsi ilə bağlı layihə Dövlət başçımıza təqdim edildi. Səfərin digər yaddaqalan məqamlarından biri də qardaş ölkənin Prezidenti Kasım-Jomart Tokayev tərəfindən cənab İlham Əliyevin Qazaxıstanın “Altın kıran”-“Qızıl qartal” ali ordeni ilə təltif edilməsi olmuşdur. Qazaxıstan Prezidentinin bu jesti dövlətlərası münasibətlərin, həmçinin, möhtərəm Prezidentimiz İlham Əliyevin bütün türk dünyasında qalib sərkərdə, görkəmli şəxsiyyət, böyük dövlət xadimi və siyasətçi olaraq tanınmasının və yüksək ehtirama sahib olmasının göstəricisidir. Bu gün Azərbaycan və Qazaxıstan dövlətləri arasındakı əməkdaşlıq əlaqələri Türk xalqları birliyinə xidmət edir və Azərbaycan öz iqtisadi yüksəlişi ilə türk dünyası birliyinə hər zaman töhfə verəcəkdir.

 

Nəzakət Quluqızı;

Neftçala rayon sakini, ictimai fəal