İqtisadi-ticari münasibətlərin inkişafına da təkan veriləcək

2022-08-28 Baxış: 301
img


Azərbaycanla Qazaxıstan arasında sıx əməkdaşlıq münasibətlərinin yaranmasında  geosiyasi amillərdən əlavə   tarixi və etnik bağlılıq da rol oynamışdır. Hər iki dövlət regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət həyata keçirir.  Hələ 2017-ci ildə Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Prezident İlham Əliyev qeyd etmişdi:”Ölkəmiz Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistik mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə yönəldilmiş investisiyalarımızın nümunəsidir. Qazaxıstan bazarı bizim üçün böyük maraq doğurur. Biz Qazaxıstandan müasir nəqliyyat vasitələri teplovozlar, elektrovozlar alırıq”. Artan iqtisadi münasibətlərin inkişafı fonunda 2022-ci il avqustun 24-də Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Bakıya səfəri və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü siyasi gündəmi zəbt edən əhəmiyyətli hadisə olaraq dünya mediasının diqqət mərkəzindədir. Görüşün nəticəsi olaraq "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə"nin imzalanmasını mühüm hadisə kimi dəyərləndirmək olar.  Olduqca  əlverişli  strateji mövqedə yerləşən və zəngin təbii sərvətləri, bol karbohidrogen ehtiyatları ilə fərqlənən Qazaxıstanı öz nüfuz dairəsində saxlamağa cəhd edən Rusiya, Çin, ABŞ kimi böyük güclər hazırda daha da fəallaşaraq niyyətlərini həyata keçirmək üçün iqtisadi və siyasi təzyiq və digər vasitələrə əl atırlar. Qazaxıstanın xarici siyasətinin hazırda qarşısında duran ən vacib məsələlərdən biri ərazi bütövlüyü və suverenliyini qorumaq, yeni etibarlı tərəfdaş və müttəfiqlər qazanmaq və enerji resurslarını aqlternativ təhlükəsiz yollarla dünya bazarına nəql etməkdən ibarətdir. 20 ildir ki, Qazaxıstan neftinin böyük hissəsi boru kəməri ilə Rusiyanın Novorossiysk limanına çatdırılır və buradan dünya bazarına nəql edilir. Lakin Ukraynaya təcavüzü ucbatından dünya dövlətlərinin ciddi embarqosu ilə üz-üzə qalan Rusiya, Qazaxıstana öz şərtlərini diqtə etmək məqsədilə iqtisadi təzyiq vasitəsi kimi bu kəməri bağladı. Alternativ təhlükəsiz ötürücü nəqliyyat qovşağının yaradılmasının qaçılmaz olması bir daha özünü göstərmiş oldu. Qazaxıstan rəhbərliyi  Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda Orta dəhliz ideyasına əməli olaraq üz tutmuş oldu. Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyədən ibarət birgə platforma olan orta dəhliz  Rusiya və Belarusdan keçən ənənəvi ixrac xəttinə alternativ olaraq nəzərdə tutulmuş şaxələndirilmiş ixrac xətlərindən biridir.   Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  qazaxıstanlı həmkarı ilə mətbuata birgə bəyanatında qeyd etmişdir ki, gələcəkdə Zəngəzur dəhlizi də həmin nəqliyyat marşrutunun tərkib hissəsinə çevriləcəkdir. Qazaxıstan Prezidenti Tokayev öz açıqlamasında Azərbaycanın karbohidrogen ehtiyatlarının daşındığı ixrac kəmərlərindən faydalanmaq niyyətində olduğunu bildirdi. Qeyd edək ki, yükdaşımaların həcmini artırmaq və infrastrukturu təkmilləşdirmək yönümündə Azərbaycan və Qazaxıstan limanlarının genişləndirilməsi, təchizatın yaxşılaşdırılması, dərinləşdirilmə işlərinin aparılması bu niyyətin ciddiliyindən xəbər verir. Çindən gətirilmiş konteynerlər Qərbi Avropaya ənənəvi yollarla 40-45 günə çatdırılırdısa, yeni marşrutla bu 14 sutkaya baş verir. Yüklər Avropaya Qafqaz-Bakı-Xəzər dənizi vasitəsilə gətirilərsə daşımaların həcmi 6-7 milyard dollarlarla  ölçüləcək. Onların böyük hissəsi Bakıdan keçəcək

Mütəxəssislərin hesablamalarına görə bu daşımalar Azərbaycana 500-600 milyon dollar həcmində gəlir gətirəcəkdir. Burada çox böyük potensialın olması göz qabağındadır. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var. 

Prezidentlər  İlham Əliyev və Kasım Jomart Tokayevin  imzaladıqları sənəd tarixi ənənələrə əsaslanan əlaqələrin  yeni müstəvidə müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Prezidentlərin Bakı görüşü qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gələcəkdə inkişafı və möhkəmlənməsi baxımından türkdilli dövlətlər arasında da yeni səhifə açacaqdır.

 Firdovsi Tağıyev ,

YAP Neftçala rayon təşkilatının fəal üzvü