Sabit inkişafın əsasını təşkil edən Dövlət Proqramları

2022-12-24 Baxış: 330
img

Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də ölkə regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Təsadüfi deyildir ki, hər bir ölkənin sistemli,dinamik və tarazlı inkişafını xarakterizə edən ən mühüm göstəricilərdən biri regionların inkişaf səviyyəsi hesab olunur. Regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi birbaşa olaraq dövlətin həyata keçirdiyi milli iqtisadi siyasətin tərkib elementi kimi çıxış edən regional iqtisadi siyasətin səmərəliliyindən düz mütənasib asılıldır.
Müasir dünya təcrübəsində regional iqtisadi siyasət dövlətlə regionlar və regionların öz aralarında münasibətlərini əks etdirməklə bütövlükdə və regional baxımdan ölkənin iqtisadi inkişafının idarə olunması fəaliyyəti kimi qəbul edilir. Dövlətin iqtisadi siyasəti ilə regional siyasət öz məntiqinə görə bir-birini qarşılıqlı tamamlamalıdır. İqtisadi siyasət inkişafın qarşıya qoyulmuş məqsədinə çatmaq yolunda yaranan problemlərin həllinə, ölkənin və onun hər hansı hissəsinin rifahının tə’min olunmasına istiqamətlənirsə, regional siyasət ərazi inkişafının məhz yuxarıda ifadə olunan məqsədlərə yönlü idarə olunmasına xidmət etməlidir. 
Bazar iqtisadiyyatı mövcud olan ölkələrin inkişaf təcrübəsi də təsdiq edir ki, regionların inkişafına nail olmadan ölkə iqtisadiyyatını gücləndirmək, eləcə də məhsuldar qüvvələri təkmilləşdirmək qeyri-mümkündür. Hazırda regional siyasətin formalaşdırılması və regional inkişafın əsaslarının işlənib hazırlanması milli iqtisadiyyatın pozitiv və tarazlaşdırılmış inkişafını təmin etməyin başlıca istiqamətidir. Regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi birbaşa oloaraq dövlətin həyata keçirdiyi milli iqtisadi siyasətin tərkib elementi kimi çıxış edən regional iqtisadi siyasətin səmərəliliyindən düz mütənasib asılıldır.
Hər bir dövlətin reallaşdırdığı iqtisadi siyasətin son məqsədir əhlisinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdır. Əhalinin həyat səviyyəsi respublikanın iqtisadiyyatının inkişafının və səmərəliliyinin əsas göstəricisidir. İqtisadi imkanlar nə qədər yüksək olursa sosial inkişaf və həyat səviyyəsi üçün maddi imkanlar bir o qədər də çox olur. Həyat səviyyəsinin daha yüksək olması iqtisadiyyatın inkişafına təsir edir, əmək məhsuldarlığını artırır.

Dünya təcrübəsi də sübut edir ki, idarəetmə və inkişaf tədbirlərinin əvvəlcədən qəbul edilmiş, mövcud şəraiti nəzərə alan və elmi cəhətdən hərtərəfli əsaslandırılmış normativ sənədlərin tələbləri əsasında reallaşdırılması uzunmüddətli və daha səmərəli nəticələrin əldə edilməsinə şərait yaradır. Bütün bunlar isə regional inkişaf sahəsində dövlət tənzimləməsinin, yəni iqtisadi proseslərə dövlətin mümkün müdaxiləsinin zəruriliyini müəyyənləşdirir. Məhz bu inkişafın təmin edilməsinin hüquqi tədbirlər sisteminin əsasını təşkil edən məqsədli dövlət proqramlarının əhəmiyyəti böyükdür.  

Son illərdə dövlət tərəfindən regionların sosial – iqtisadi inkişafına yönəlmiş çoxlu sayda dövlət proqramları işlənib hazırlanmış və hal-hazırda da reallaşdırılmaqdadır ki, bu proqramlar da regional inkişafın və bu inkişafa yönəlmiş dövlət siyasətinin hüquqi əsasını təşkil etməkdədir. Regional iqtisadi inkişaf proqramları hazırlanarkən xarici bazara daha çox rəqabət qabiliyyətli məhsul çıxarılması, əhalinin sosial problemlərinin həlli, yerli məhsullar hesabına tələbatın ödənilməsi səviyyəsinin yüksəldilməsi, regionların istehsal potensialından səmərəli istifadə, iqtisadiyyatın regiondaxili sahə və ərazi quruluşunun təkmilləşməsi ön plana çəkilir. Regional inkişafın dövlət proqramları əsasında davamlı inkişafının təmini 5 istiqamətində ilk ciddi addım 2004-cü ildə prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ilə qoyulmuşdur. I regional inkişaf proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması nəticəsində regionların iqtisadi potensialı hərəkətə gətirilmiş, buradakı əmək ehtiyatları dövriyyəyə cəlb olunmuşdur. Bir sözlə, ölkənin davamlı və tarazlı inkişafına yönəldilmiş bu proqramın icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli qoyulmuş, bölgələrdə iqtisadi fəallıq xeyli dərəcədə canlanmış, insanlarda təşəbbüskarlıq hissi güclənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır. 1-ci və 2-ci regional inkişaf proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması nəticəsində regionların iqtisadi potensialı hərəkətə gətirilmiş, buradakı əmək ehtiyatları dövriyyəyə cəlb olunmuşdur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına başlanılması ilə ölkəmizin davamlı və tarazlı inkişafı yeni, daha sürətli mərhələyə qədəm qoymuşdur. Adıçəkilən sənədlərlə yanaşı Azərbaycan regionlarının kompleks inkişafını nəzərdə tutan “2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” kimi sənədlər də Azərbaycan regionlarında sosial sahələrin inkişafının hüquqi əsasını təşkil etməkdədir.
Ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində ön plana çıxmışdır. Bu məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə, o cümlədən kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar siyasət tədbirlərinin, o cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur. Qeyd olunanlar nəzərə alınaraq, ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair” Strateji Yol Xəritəsinin 9.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır. Dövlət Proqramı çərçivəsində ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi (təbii-iqtisadi, istehsal-texniki və elmi-texniki) potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi (digər müqayisəli üstünlüyə malik, əlavə dəyər yaradan məhsul və xidmət istehsalı sahələrinin də inkişaf etdirilməsi) və səmərəliliyinin yüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması, istehsal, sosial və bazar infrastrukturunun modernləşdirilməsi, sosial xidmətlərin çeşidinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması və aztəminatlı insanlar üçün əlçatanlığının təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi nəzərdə tutulur.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Sumqayıt Kimya Sənaye Parkı və Mingəçevir Sənaye Parkı, həmçinin Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradılmışdır ki, bu da regionlarda sənaye sahəsində fəaliyyət göstərən sahibkarların, o cümlədən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması, yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir.

Faiq Babazadə,

YAP Neftçala rayon təşkilatının fəal üzvü