“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi

2023-06-06 Baxış: 174
img

31 may 2023-cü il tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil&Gas və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgiləri ölkəmizin energetika sektorunun inkişafında xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgilərin açılışında çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Dövlət başçımız çıxışı zamanı bildirib ki, Xəzər Neft-Qaz Sərgisi 1994-cü ildən etibarən Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Məhz 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı ki, bu da ölkəmizdə vəziyyəti kökündən dəyişdi. Məhz bu tarixi sənədin imzalanması ilə Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Ötən illər ərzində Azərbaycan daxili bazarda enerjiyə olan tələbatları tam təmin edib və bu gün sayı getdikcə artan ölkələrin və ilk növbədə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında get-gedə daha mühüm rol oynayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsinin həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruri olduğunu deyərkən, məhz bu baxımdan Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını vurğuladı. Dövlət başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, Azərbaycan öz tərəfdaşlarını buraya dəvət etsin. Enerji təhlükəsizliyiyindən danışarkən cənab Prezident bildirmişdir ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.

Rəşad Orucov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü