Azərbaycan amalı

2023-06-24 Baxış: 193
img

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev haqqında danışmaq, həm çox çətin, həm də asan məsələdir. Çox çətindir ona görə ki, bunun üçün onun malik olduğu potensialın ən azı çox kiçik bir hissəsinə sahib olmaq lazımdır. Asandır ona görə ki, bizlər çox xoşbəxt insanarıq ki, onunla bir dövrdə yaşamışıq. Azərbaycan cəmiyyətində Heydər Əliyev adı çəkiləndə hər zaman dahi, xilaskar insan adı gözlər önünə gəlib. Belə ki, Ümumilli liderimiz Ölkəmiz üçün sadəcə bir rəhbər kimi fəaliyyət göstərməyib. Dahi şəxsiyyət əsl Lider kimi hər zaman xalqımızın yanında olub. O, müasir Azərbaycanı qurmuş bir şəxsiyyətdir. Ona görə də onun fəaliyyəti hər bir azərbaycanlının həyatına bilavasitə təsir etmişdir. Qurub-yaratmaq Ulu Öndər Heydər Əliyevin həyat amalı idi. Bu baxımdan böyük şəxsiyyətin 100 illik yubileyinin ən yüksək səviyyədə qeyd edilməsi sevincimizə sevinc qatır!.Bəli, qurub-yaratmaq onun alın yazısı idi. Yaratdıqları da özü kimi böyük idi. O xalqının tarixini yazırdı, tarixini yaradırdı. İlləri illərə calayaraq sanki bir memar, rəssam qüdrəti ilə bütün istedad və bacarığını möhtəşəm bir tablonun yaranmasına sərf edirdi. Sevgiylə ərsəyə gətirdiyi bu tablonun adı isə Azərbaycan idi. Tarixə nəzər salsaq indiyə kimi heç bir kiçik ölkənin Liderinin siyasi fəaliyyəti öz ölkəsindən kənarda böyük maraq doğurmayıb. Ulu Öndər bizlər üçün həm şərəfli keçmişimiz, həm də inamlı gələcəyimizdir. Azərbaycan cəmiyyəti bu dahi azərbaycanlının böyüklüyünü zaman keçdikcə daha dərindən dərk etməyə başlayır. Heydər Əliyevin hər bir addımı öz dövrü üçün çox cəsarətli bir yenilik idi. O, sanki həmin zamanı artıq bir dəfə yaşamışdı, onunla tanış idi. Ona görə də dövrün hadisələrinə hamıdan çox hazır idi. O nadir insanlardan idi ki, nəinki zamanın nəbzini tuturdu, hətta onun necə vurmağına diktə də edə bilirdi. Onun hər hərəkəti tarixə düşəcək addım kimi yada salınır. Bir çox hallarda bu addımlar şəxsən onun həyatı və karyerası üçün təhlükəli olsa da, O, heçnədən çəkinmirdi. Nəinki zamana uyğun hərəkət edirdi, hətta gələcəkdə inkişafın hansı istiqamətdə gedəcəyini də ümumən göstərə bilirdi. Heydər Əliyevin dövlətçilik təfəkkürü, uzaqgörənliyi və liderlik keyfiyyəti müstəqillik dövründə özünü bariz göstərdi. Onun fəaliyyəti bir unikal idarəçilik sistemi idi. Onun baxışları həm müstəqil dövlətin quruculuğu dövrünə, həm də artıq qurulmuş dövlətin idarə edilməsi məsələlərinə tam uyğun gəlir. Ümumilli lider Heydər Əliyevi parlaq zəkası ilə ölkəmizin gələcəyə aparan yollarını da müəyyən etdi. Heydər Əliyev şəxsiyyətində nəzərə çarpan ən güclü cəhət onun Azərbaycanı ürəkdən sevməsi idi. O, bu sevgini bütün varlığı ilə göstərməyə və realizə etməyə çalışırdı. Bugünkü müasir, müstəqil, güclü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Azərbaycan onun üçün həyatının mənası, hərəkətlərinin stimulu idi. Lakin tarix onu da sübut edir ki, bəzən böyük şəxsiyyətlərin ideyaları layiqli varisin yoxluğu üzündən yarımçıq qalır. Xalqımızın bu sarıdan da, bəxti gətirmidir. Heydər Əliyevin quruculuq missiyası Müzəffər Prezident cənab İlham Əliyevin qətiyyəti ilə əbədiyaşarlıq qazandı. Həm ölkənin, həm də xarici ölkələrin politoloqları onun uğurlarının kökünü məhz Heydər Əliyev siyasi kursuna bağlılıqda görürlər. Azərbaycan xalqının böyüklüyü, ilk növbədə, özünün layiqli övladlarının adlarını həmişə uca saxlamağındadır. Nə qədər ki, Azərbaycan yaşayır, o qədər də Ulu Öndər Şəxsiyyəti yaşayacaqdır!

Arif  Bağırov,

YAP Neftçala rayon təşkilatının

Ərazi partiya təşkilatının sədri