Xalq-iqtidar birliyi.

2024-10-07 Baxış: 228
img
Xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz Ulu Öndərimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilib, qədim yurd yerimiz olan Göyçə mahalında isə Aşıq Ələsgərin abidəsi ucaldılıb. Aşıq sənətinə göstərilən diqqət, qayğı, zəngin ənənə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir, onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir. Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi” açılmışdır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə 18 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərancam imzalamış və bu məqsədlə aidiyyəti dövlət qurumlarına geniş tədbirlər planı hazırlayıb həyata keçirilməsi tapşırılmışdır.Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən aşıq sənətinə və Aşıq Ələsgər yaradıcılığına göstərilən diqqətin daha bir bariz nümunəsi cari ilin 30 sentyabr tarixində baş tutdu. Cənab Prezident, Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etmiş və nitq söyləmişdir. Ölkə rəhbəri nitqində “Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi” fikirlərini diqqətə çatdırmışdır. Dövlətimizin başçısı, “Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”, “Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər” fikirlərini diqqətə çatdırmışdır. Nitqində “İkinci Qarabağ müharibəsində, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz” fikirlərini qeyd edən dövlət başçısı, suverenliyimizin tam bərpa olunmasının Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdığını vurğulamışır. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olduğunu qeyd edən Müzəffər Ali Baş Komandan, Zəfərin bizimlə əbədi yaşayacağını, bizim təqvimimizə kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram - 8 Noyabr və 20 Sentyabr gününün də əlavə edildiyini bildirmişdir. Dövlətimizin başçısı, “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir” fikirlərini diqqətə çatdırmışdır.
Anarə Mustafayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü