Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə

Çinə
səfəri zamanı Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibədə
diqqət çəkən mühüm məqamlar var idi. Xüsusilə, müsahibədən də aydın görünürdü
ki, iki ölkə arasında yalnız hökumətlər səviyyəsində deyil, xalqlar arasında da
ciddi dostluq bağları var. Ölkəmizin başçısının sözləri ilə desək, liderlər və
hökumətlər dost ola bilər, lakin xalqlar arasında da dostluq və yaxınlıq
olmadan bu əlaqələr tam mənada uğurlu sayılmaz. Bu kontekstdə viza rejiminin
tamamilə aradan qaldırılması tarixi hadisədir.
Ölkəmiz
2024-cü ildə birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etmişdi. İndi
isə qarşılıqlı rejim tətbiq olunur və artıq Azərbaycan vətəndaşları sadəcə
bilet alaraq Çinə səfər edə bilirlər. Bu, turizmin və mədəni mübadilələrin
inkişafı üçün geniş imkanlar yaradır. Prezidentin qeyd etdiyi kimi, əgər 150
milyon çinli turistin cəmi 1 faizi Azərbaycana gəlsə, bu, ölkənin turizm
sektoru üçün böyük dönüş nöqtəsi olar. Eyni zamanda, təhsil və elm sahəsində əməkdaşlıq
da diqqət mərkəzindədir. Hazırda hər iki ölkədə 100-dən çox tələbə qarşı tərəfdə
təhsil alır. Prezidentin Azərbaycan-Çin Universitetinin yaradılması ideyasını
irəli sürməsi isə bu sahədə əməkdaşlığın institusional səviyyəyə keçəcəyindən xəbər
verir. Azərbaycanın Çin mədəniyyətinə və inkişaf modelinə göstərdiyi hörmət də
diqqətəlayiqdir.
Dövlətimizin
rəhbəri Çin liderinin təvazökarlığını və dünya siyasətindəki mövqeyini yüksək
qiymətləndirir. O, Sədr Sinin təşəbbüslərini- xüsusilə inkişaf, təhlükəsizlik və
sivilizasiyalar üzrə təşəbbüsləri dəstəkləyərək, Azərbaycanın bu istiqamətlərdə
də fəal tərəfdaş olduğunu göstərir. Beləliklə, bu səfər və müsahibə xalqlar
arasında daha sıx, qarşılıqlı hörmətə əsaslanan və gələcəyə yönəlik bir tərəfdaşlıq
mədəniyyətinin formalaşmasına ciddi töhfə verdi. Xalqlararası yaxınlaşma və
ortaq sivilizasiya baxışı bu gün çox vacibdir. Səfər zamanı Prezident Əliyev
xalqlar arasında münasibətlərin önəmini vurğulayaraq deyi: « Çin lideri Si
Cinpinin onu «Çinin yaxın dostu» adlandırması onun üçün xüsusi mənəvi dəyər
daşıyır: “O, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul
edirəm... Onunla görüşmək hər zaman xoşdur.»
İki
dövlət arasındakı isti münasibətlər yalnız dövlət başçıları arasında deyil,
xalqdan xalqa münasibətlərin inkişafı baxımından da əlamətdardır. Viza
rejiminin aradan qaldırılması bu istiqamətdə atılan böyük addımdır: «Biz birtərəfli
qaydada Çin vətəndaşları üçün viza rejimini ləğv etdik. Bu gün isə qarşılıqlı
olaraq tamamilə vizasız rejimə keçdik.» Eyni zamanda, Prezident təhsil və mədəniyyət
sahəsində əlaqələrin genişlənməsinə toxunaraq, gələcəkdə Azərbaycan-Çin
Universitetinin yaradılmasını təklif etdi: “Mən ümid edirəm ki, biz gələcəkdə
Azərbaycan-Çin Universiteti yaradacağıq. Bu, iki ölkə arasında elm və təhsil
sahəsində əməkdaşlığı daha da gücləndirəcək.»
Dostluq
münasibətlərində önəmli yer tutan mühüm sahə isə humanitar əlaqələrdir. Məhz bu
ünasibətlərin əsasını isə Ulu öndər Heydər Əliyev qoyub. Ölkəmizin başçısı
sözügedən müsahibədə bunu minnətdarlıqla xatırlatdı: «Atam Prezident
olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu...
Əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycan-Çin
münasibətlərinə görə qürur duyardı.» Bu gün Azərbaycanla Çin arasında turizm, təhsil
və mədəni inteqrasiya da inkişaf xətti ilə davam edir. Dediyim kimi Azərbaycan-Çin
münasibətləri yalnız hökumətlərarası əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda
xalqlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində də ciddi addımlar
atılır.
Azərbaycanla
Çin arasında münasibətin dinamikasın tam əks etdirən müsahibədə Prezident İlham
Əliyev diqqətə çatdırıb ki, Çin həqiqətən də idxal baxımından bir nömrəli və
ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır: « Biz Çində 6 Azərbaycan Ticarət
Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda
daha çox payımızın olmasını istəyirik. “Bir kəmər, bir yol” layihəsinə gəlincə,
bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində
şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə,
biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral
yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük
yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz
bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə
arxalanırıq.»
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



