Qardaşlıq Zirvəsi: Bakıdan Orta Asiyaya Yeni Nəfəs

2025-07-07 Baxış: 7
img

İlham Əliyev və Şavkat Mirziyoyevin tarixi görüşü regional əməkdaşlığa yeni istiqamət verir.

2025-ci il iyulun 2-də Azərbaycan və Özbəkistan tarixində yeni bir səhifə açıldı. Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən danışıqlar, yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə türk dünyasının inteqrasiyası baxımından mühüm mərhələ kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev birgə mətbuat bəyanatında xüsusi vurğuladı:

“Özbəkistan-Azərbaycan münasibətləri artıq dostluqdan da o tərəfə keçib – biz qardaş ölkələrik. İndi biz münasibətlərimizi strateji tərəfdaşlıq deyil, qardaşlıq modeli üzərində qururuq.”

Bu sözlər sadəcə diplomatik jest deyil, iki xalq arasında tarixən mövcud olan ortaq köklərin, mədəni və mənəvi bağların siyasi təcəssümüdür. Tarix göstərir ki, ortaq dil, din, adət-ənənə üzərində qurulan münasibətlər uzunömürlü olur. 2022-ci ildə Prezident Mirziyoyevin Azərbaycana etdiyi dövlət səfərindən bu günə qədər münasibətlərdə müşahidə olunan yüksəliş də bunun bariz sübutudur.

Tərəflər arasında imzalanan sənədlər, aparılan danışıqlar əsasən iqtisadiyyat, nəqliyyat-logistika, enerji və mədəniyyət sahələrini əhatə etdi. Prezident Mirziyoyevin bəyanatında da bu sahələrə xüsusi yer ayrıldı:

“Azərbaycan Özbəkistanın Cənubi Qafqazda əsas tərəfdaşıdır. Biz birlikdə regional nəqliyyat marşrutlarını daha da səmərəli hala gətirəcəyik.”

Burada söhbət yalnız iki ölkənin deyil, bütün Türk Dövlətləri Təşkilatının maraqlarına xidmət edən Orta Dəhliz layihəsindən gedir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Limanı və digər strateji infrastrukturlar, Azərbaycanı Orta Asiyanın Avropaya açılan qapısına çevirir.

Özbəkistan isə bu qapını döymür – artıq içəridədir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi:

“Bizə ən çox təsir edən, ən çox duyğulandıran məsələ, əlbəttə, Səmərqənddə inşa edilən Heydər Əliyev adına məktəb və onun ətrafında yaradılan kompleks oldu.”

Bu təşəbbüs Özbəkistanda Azərbaycan mədəniyyətinə göstərilən hörmətin göstəricisidir. Həmçinin, ölkəmizdə fəaliyyət göstərən Özbəkistan Mədəniyyət Mərkəzi də bu humanitar körpünün iki tərəfində dayanan sütunlardandır.

2020-ci ildən sonra formalaşan yeni regional reallıqlar fonunda Azərbaycan və Özbəkistanın bir-birinə artan dəstəyi, Türk Dövlətləri Təşkilatının daxilində lider tandeminin formalaşmasına gətirib çıxarıb. Bu tandem, regionda sabitlik, təhlükəsizlik və inkişafın təminatçısı kimi çıxış edir.

Prezident cənab İlham Əliyevin sözləri ilə desək:

“Azərbaycan və Özbəkistan bir yerdə olduqca, türk dünyasının gələcəyi daha da parlaq olacaq.”

2025-ci ilin 2 iyul görüşü yalnız diplomatik tarixə yazılmadı. Bu günün bəyanatları sabahın siyasi kursunu müəyyən edir. Azərbaycan və Özbəkistan liderlərinin birgə iradəsi, tarixin diqtəsi ilə üst-üstə düşür. Qardaşlıq modeli artıq yalnız ideya deyil – bu, həyata keçirilən, nəticələr verən və gələcəyə ümidlə baxmağa əsas yaradan bir reallıqdır.

 

 

            Hökmalı Mirzəyev,

            YAP Hacıqabul rayon təşkilatının sədr müavini.