Kəlbəcər indi yalnız torpaq deyil, həm də insanların yeni həyat quracağı bir məkandır.

Azərbaycan
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər
və Ağdərə rayonlarına növbəti dəfə səfər etməsi mühüm əhəmiyyət daşıyır. Ölkə
başçımızın və birinci xanımın bu ərazilərə mütəmadi səfərləri Azərbaycanın
Böyük Qayıdış Proqramının növbəti uğurlu mərhələsi olmaqla yanaşı, dövlətimizin
azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi yüksək
önəmin bariz nümunəsidir. Uzun illər erməni işğalı altında qalmış bu rayon
böyük dağıntılara məruz qalmış, burada yaşayış məntəqələrinin və
infrastrukturların çoxu tamamilə məhv edilmişdi. Hazırda rayonda Prezident
İlham Əliyevin rəhbərliyi ilə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir.
Yolların çəkilməsi, elektrik stansiyalarının istifadəyə verilməsi, su təchizatı
sistemlərinin qurulması və digər infrastruktur layihələri bölgənin iqtisadi
inkişafına zəmin yaradır. Dövlətimizin başçısının və birinci xanımın bu səfəri
zamanı da açılışı həyata keçirilən obyektlər həm yerli sakinlər üçün, həm də
regionun ümumi inkişafı üçün böyük əhəmiyyət daşıyır. Kəlbəcər şəhəri illər
sonra doğma sakinlərinə qapılarını açır, 32 illik həsrətin ardından yenidən
canlanır. Bu qayıdış yalnız torpaq məsələsi deyil, hər addım xalqın iradəsini,
dövlətin qüdrətini və milli qüruru əks etdirir. Kəlbəcər yenidən həyatla dolur,
doğma sakinlərini qucaqlayır və gələcəyə ümidlə baxır. Beləliklə, bu qayıdış həm
xalqın əzminin, həm də dövlətin qərarlılığının və milli birliyin parlaq
simvoluna çevrilir.
Kəlbəcər
indi yalnız torpaq deyil, həm də insanların yeni həyat quracağı bir məkandır.
Dövlət tərəfindən inşa edilən yaşayış kompleksləri, məktəblər, yollar və digər
infrastruktur layihələri şəhərin gələcəyini təmin edir. Burada işıq, su, təbii
qaz və minalardan təmizləmə işləri tamamlanıb.
Kəlbəcərin
işğalı yalnız ərazi itkisi deyildi. Onun strateji mövqeyi Azərbaycan üçün böyük
əhəmiyyət daşıyırdı. 1992-1993-cü illərdə baş verən işğallar Ermənistanla keçmiş
“Dağlıq Qarabağ” arasında coğrafi bağlantılar yaratmaqla gələcək torpaq itkisinə
zəmin hazırlayırdı. Uzun illər davam edən danışıqlar nəticə vermədi; çünki
işğalçılar heç vaxt torpaqlarımızı qaytarmaq niyyətində deyildilər. Azərbaycan
xalqı hər zaman iradəli və əzmkar olmuşdur. Aparılan məqsədyönlü siyasət, güclü
iqtisadiyyatın formalaşdırılması, hərbi qüvvələrin möhkəmləndirilməsi və beynəlxalq
səviyyədə ədalətli mövqenin təmin olunması sayəsində ölkəmiz tarixi
torpaqlarını geri qaytardı. Bu yalnız coğrafi bərpa deyil, həm də milli iradənin
təntənəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həm hərbi, həm də
mənəvi gücünü nümayiş etdirdi. Xalq və Silahlı Qüvvələr bir yumruq kimi birləşdi,
düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kəlbəcər, Laçın və digər
strateji bölgələr bir güllə atılmadan azad edildi. Bu, yalnız hərbi zəfər
deyil, həm də xalqın iradəsinin, milli birliyin və Vətən sevgisinin simvoludur.
2020-ci ilin noyabrında əldə olunan sülh müqaviləsi və 2023-cü ilin sentyabr
antiterror tədbirləri Azərbaycanın beynəlxalq hüquq və diplomatiya müstəvisindəki
mövqeyini gücləndirdi.
Kəlbəcərin
yenidən qurulması yalnız fiziki bərpa deyil, həm də milli yaddaşın və mədəni
irsin qorunmasıdır. Dağıdılmış şəhər və kəndlərin yerinə yeni binalar, məktəblər
və ictimai obyektlər tikilir, tarixi məkanlar bərpa olunur. Hər yeni bina, hər
təməl, Azərbaycanın güclü, ləyaqətli və müstəqil dövlət kimi inkişafının əyani
sübutudur.
Prezident
İlham Əliyev Kəlbəcərlilərlə görüşdə bildirib ki, müharibə başa çatsa da, Azərbaycana
qarşı edilən cinayətlər yaddan çıxmamalıdır: “Biz düşməndən qisasımızı döyüş
meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə
etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan
silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər,
soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik,
ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu
mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla,
məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik
ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix
yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq
olmalıyıq”.
Dövlət
başçısı bildirib ki, dünyadakı qeyri-müəyyənlikləri nəzərə alanda hər an
müharibə təhlükəsi baş verə bilər: “Biz hər an müharibəyə hazır olmalıyıq.
Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq.
Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz.
Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat
törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər
xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.
Ülfət
Həsənov,
Hacıqabul
rayon Pirsaat qəsəbə tam orta məktəbinin director müavini, YAP fəalı.
Digər xəbərlər



