Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq.

2025-ci
il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək
ölkəmizin son onilliklərdə keçdiyi mürəkkəb, eyni zamanda qürurverici inkişaf
yolunu, regionda sülhə və əməkdaşlığa verdiyi töhfələri dünya ictimaiyyətinə təqdim
etdi. Dövlət başçısının nitqi həm tarixi faktların təhlili, həm də gələcəyə
dair aydın baxışların ifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident
İlham Əliyev çıxışında xatırlatdı ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə
və hərbi cinayətlər nəticəsində bir milyona yaxın azərbaycanlı öz doğma
yurd-yuvasından didərgin salınıb. 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin
20 faizi işğal altında qalıb. Bu, həm BMT Nizamnaməsinə, həm də beynəlxalq
hüququn bütün norma və prinsiplərinə zidd idi.
Azərbaycan
lideri bir daha beynəlxalq aləmə xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan qoşunlarının qeyd-şərtsiz
işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etsə də, bu sənədlər icra
olunmadı. Ermənistan isə beynəlxalq ictimaiyyətin sanksiyasız laqeyd münasibətindən
istifadə edərək işğal siyasətini davam etdirdi.
Dövlət
başçısı ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə toxunaraq qeyd etdi ki, bu
qurum 30 ilə yaxın müddətdə münaqişənin həllinə deyil, status-kvonun
saxlanmasına xidmət etdi. Nəticədə Azərbaycan 2020-ci ildə beynəlxalq hüquqa əsaslanan
özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsinə başladı.
Müharibə
zamanı Ermənistan şəhər və kəndlərimizi ballistik raketlərlə və kasetli
bombalarla hədəfə aldı, yüzdən çox mülki vətəndaşımız qətlə yetirildi. Azərbaycan
isə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdi, mülki əhalini və
qeyri-hərbi infrastrukturu hədəf seçmədi.
44
günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. 2020-ci il
noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu, Azərbaycanın
ərazi bütövlüyü bərpa edildi.
Prezident
İlham Əliyev qeyd etdi ki, Azərbaycan müharibədən dərhal sonra Ermənistanla
sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Rəsmi Bakı beynəlxalq
hüquqa əsaslanan beş fundamental prinsip irəli sürərək danışıqlar prosesinə
start verib.
2022–2025-ci
illərdə gedən danışıqlar nəticəsində Vaşinqton Sammitində mühüm nəticələr əldə
olundu. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin
mətnini parafladılar, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri birgə bəyanat
imzaladılar. ABŞ Prezidenti Donald Tramp isə bu tarixi prosesin şahidi qismində
sənədə imza atdı.
Bununla
yanaşı, köhnəlmiş ATƏT-in Minsk qrupu və əlaqədar strukturların fəaliyyətinə
son qoyuldu. Bu, regionda real sülh prosesinin yalnız ikitərəfli danışıqlar və
qarşılıqlı etimad əsasında mümkün olduğunu təsdiqlədi.
Azərbaycanın
təşəbbüsü ilə yaradılan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”
(TRIPP) Zəngəzur dəhlizi üzərindən maneəsiz keçidi təmin edəcək və regional
bağlantıları gücləndirəcək. Bu layihə həm region ölkələri, həm də beynəlxalq
ictimaiyyət üçün strateji əhəmiyyət kəsb edir.
Bundan
başqa, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması
barədə razılıq əldə olundu. Enerji, iqtisadiyyat, təhlükəsizlik, nəqliyyat və
digər sahələrdə əməkdaşlıq üçün yeni perspektivlər açıldı. ABŞ-ın 907-ci düzəlişin
icrasını dayandırması isə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin
başlanğıcı oldu.
Prezident
İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma
proseslərindən bəhs etdi. Ermənistanın 30 ilə yaxın işğal dövründə yerlə-yeksan
etdiyi şəhər və kəndlər, dağıdılmış 65 məscid artıq bərpa olunur.
“Böyük
Qayıdış” proqramı çərçivəsində bu gün 50 mindən çox insan doğma torpaqlara
qayıdaraq yaşayır, işləyir və təhsil alır. Bu, Azərbaycanın gücünün, iradəsinin
və gələcəyə inamının göstəricisidir.
Prezident
İlham Əliyev çıxışında Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə liderlik
rolunu vurğuladı. COP29-un ev sahibi kimi ölkəmiz bütün tərəflərin, xüsusən də
inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsinə şərait yaratdı. Bakı
Maliyyə Hədəfi kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi qlobal iqlim maliyyələşməsində
tarixi mərhələ oldu.
Eyni
zamanda, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolu xüsusi qeyd edildi.
Hazırda ölkəmiz 14 dövlətə qaz ixrac edir və bu, Azərbaycanın beynəlxalq
bazarlarda etibarlı tərəfdaş olduğunu sübut edir. Paralel olaraq, bərpaolunan
enerji layihələri genişlənir və 2030-cu ilə qədər enerji istehsalının 40 faizi
bu mənbələr hesabına təmin ediləcək.
Azərbaycan
yalnız regional deyil, qlobal miqyasda da humanitar təşəbbüslərin fəal
iştirakçısıdır. Ölkəmiz təbii fəlakətlər və pandemiya zamanı 80-dən çox dövlətə
yardım göstərib. Bu, Azərbaycanın beynəlxalq həmrəyliyə verdiyi əhəmiyyətin
bariz nümunəsidir.
Bayram
Xudayarov,
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Facebook qrupunun təsisçisi və rəhbəri, YAP fəalı.
Digər xəbərlər



