Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması

2025-10-02 Baxış: 62
img
Milli dövlətin yaranmasında və inkişafında, milli birliyin və maraqların təmin edilməsində liderin rolu əvəzsizdir. Siyasi liderliyin mahiyyəti özündə bir neçə məqamları ehtiva edir. Belə ki, siyasi liderliyin ilkin şərti dövlətin milli maraqlarına cavab verən inkişaf yolunu müəyyən etmək, xalqını yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin etməkdir. Müstəqillik tariximizin ayrı-ayrı dövrlərini tarixi paralellər əsasında müqayisəli təhlil etdikdə Liderin ölkənin həyatında əhəmiyyətli rolunu daha aydın şəkildə görürük.

Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın hansı problemlərlə, faciələrlə üz-üzə qaldığı tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, dövlətin deyil, öz şəxsi maraqlarını öndə saxlamaları Azərbaycanı böyük bir uçuruma gətirib çıxardı. Həmin dövr, eyni zamanda, torpaqlarımızın işğalı ilə xarakterizə edilir. Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarıının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Belə bir ağır günlərdə xalq öz xilaskarına – Ulu Öndər Heydər Əliyevə üz tutdu. Xalqının, ölkəsinin taleyinə biganə qalmayan Ümummilli Lider hakimiyyətə qayıdışı ilə yeni bir Azərbaycan qurdu.

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən xilaskarlıq missiyası ilə yanaşı, milli birliyin təmin edilməsi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri də xüsusi olaraq vurğulanır. Bu birlik, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə, fəaliyyətinin Naxçıvan mərhələsində xüsusilə diqqətdə olub. Bu fikir daim önə çəkilir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmlndirilməsi, müstəqilliyin qorunması və inkişaf etdirilməsi kimi şərəfli vəzifəni yerinə yetirməklə bitmədi. Dahi şəxsiyyət, eyni zamanda, xalqımızı bir amal, məqsəd və məram uğrunda səfərbər edən azərbaycançılıq ideologiyasını yaratdı.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Lider ilk olaraq belə bir çağırışı səsləndirdi ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidirlər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək üçün həmin ölkələrdə Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Buna nail olduqdan sonra isə Ümummilli Lider bi birliyin, həmrəyliyin vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Onun təşəbbüsü və Sərəncamı əsasında 2001-ci ilin 9-10 noyabr tarixlərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. 

Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın birliyində əhəmiyyətli rol oynamaqla yanaşı, onların qarşısında həqiqətlərimizin, ən əsası hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsini qoydu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşməsin, eyni zamanda, səfər çərçivəsində aparılan danışıqlarda Qarabağ münaqişəsi diqqətdə olmasın. Ulu Öndər Heydər Əliyev dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir.

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq oldu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”in tətbiqi də bunun bariz nümunəsi idi. Azərbaycanın real faktlara, tarixi həqiqətlərə söykənən siyasəti nəticəsində erməni yalanlarını ifşa edilməyə başladı.

Təbliğat işinin yüksək səviyyədə qurulması, Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin uğurlu xarici siyasət konsepsiyası nəticəsində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Məhz diplomatik uğurlarımız 44 günlük İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı.


Rəhim İmanov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri