Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq işğal olunmuş ərazilərini güc yolu ilə azad etdi və regionda yeni geosiyasi reallıq yaratdı.

Müasir beynəlxalq münasibətlər
sistemində dövlətlərin suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüququn əsas
prinsipləri kimi qəbul edilir. Lakin son onilliklərdə bəzi regionlarda bu
prinsiplərin pozulması, uzunmüddətli münaqişələrin davam etməsi və beynəlxalq təşkilatların
qəbul etdiyi qərarların icra olunmaması qlobal təhlükəsizlik sistemində ciddi
problemlərin mövcud olduğunu göstərir. Bu baxımdan Azərbaycanın yaşadığı təcrübə
və əldə etdiyi nəticələr beynəlxalq hüququn təmin olunması baxımından mühüm
nümunə kimi diqqəti cəlb edir.
Bu məsələyə İlham Əliyev də
XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Keçid dövründə olan dünyada
fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışında geniş toxunub.
Dövlət başçısı çıxışında Azərbaycanın uzun illər davam edən işğal faktı ilə üzləşdiyini
və beynəlxalq hüququn tələblərinin uzun müddət kağız üzərində qaldığını
xatırladaraq bildirdi ki, ölkəmiz sonda öz gücünə arxalanaraq ərazi bütövlüyünü
bərpa etməyə nail olub.
Prezident qeyd etdi ki,
uzun illər ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün bütün
imkanlardan istifadə edib. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar və qətnamələr
Azərbaycanın haqlı mövqeyini təsdiqləsə də, onların icrası təmin olunmayıb. Bu
isə işğalın uzun müddət davam etməsinə səbəb olub və regionda sülhün təmin
olunmasını əngəlləyib.
Bu reallıq fonunda Azərbaycan
beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz suveren hüququndan istifadə
etdi və işğal altında olan ərazilərini azad etdi. Prezident İlham Əliyev
çıxışında bu barədə danışarkən vurğuladı: “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik.”
Bu ifadə Azərbaycanın apardığı mübarizənin mahiyyətini və beynəlxalq hüquqa əsaslanan
mövqeyini aydın şəkildə ifadə edir.
Ərazi bütövlüyünün bərpası
regionda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Uzun illər
davam edən münaqişənin hərbi mərhələsinin başa çatması regionda yeni siyasi və
iqtisadi imkanlar yaratdı. Bu reallıq Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq
üçün yeni perspektivlərin formalaşmasına zəmin yaratdı.
Azərbaycanın əldə etdiyi qələbə
yalnız hərbi uğur kimi deyil, həm də beynəlxalq hüququn bərpası kimi qiymətləndirilir.
Dövlət başçısının çıxışında vurğuladığı kimi, ərazi bütövlüyünün bərpası
regionda davamlı sülhün təmin olunması üçün mühüm şərtlərdən biridir. Məhz bu səbəbdən
Azərbaycan hərbi mərhələdən sonra siyasi dialoq və əməkdaşlıq mərhələsinə
keçidi prioritet kimi müəyyənləşdirib.
Prezident İlham Əliyev
çıxışında diqqətə çatdırdı ki, Azərbaycan münaqişənin başa çatmasından sonra
sülh gündəliyi ilə çıxış edib və regionda uzunmüddətli sabitliyin təmin
olunması üçün konkret təşəbbüslər irəli sürüb. Dövlət başçısının sözləri ilə
desək, “biz sülhə siyasi yollarla nail
olduq.” Bu fikir Azərbaycanın mövqeyini açıq şəkildə ortaya
qoyur: hərbi qələbə sülhün alternativi deyil, əksinə, onun üçün əsas
yaratmışdır.
Müasir beynəlxalq münasibətlər
sistemində bu təcrübə xüsusi əhəmiyyət kəsb edir. Çünki bir çox regionlarda
uzun illər davam edən münaqişələr göstərir ki, beynəlxalq hüququn təmin
olunmaması yeni gərginliklərin yaranmasına səbəb olur. Azərbaycanın nümunəsi isə
göstərdi ki, suveren hüquqların bərpası və ədalətin təmin olunması regionda
sabitliyin və inkişafın əsas şərtlərindən biridir.
Bu gün Cənubi Qafqazda
yaranmış yeni geosiyasi reallıq region ölkələri üçün də yeni imkanlar açır. Nəqliyyat
layihələrinin həyata keçirilməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və
regional inteqrasiyanın gücləndirilməsi üçün əlverişli şərait formalaşıb. Bu isə
uzun illər davam edən qarşıdurma mərhələsindən əməkdaşlıq mərhələsinə keçidin
mümkün olduğunu göstərir.
Beləliklə, Prezident İlham
Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər bir daha göstərir
ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası yalnız milli səviyyədə deyil, həm də
beynəlxalq münasibətlər kontekstində mühüm hadisədir. Bu təcrübə göstərir ki,
beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqe, siyasi iradə və qətiyyətli
siyasət nəticəsində ədalətin bərpasına nail olmaq mümkündür.
Aytəkin Mahmudova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktoru
Digər xəbərlər



