Vasitəçilikdən imtina edərək birbaşa ikitərəfli dialoqa keçid Azərbaycan ilə Ermənistan arasında sülh prosesini daha real mərhələyə gətirdi.
2026-03-16
Baxış: 7

Müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin həlli üçün müxtəlif diplomatik mexanizmlər tətbiq olunur. Bu mexanizmlər arasında vasitəçilik institutunun xüsusi yeri vardır. Lakin bəzi hallarda vasitəçilik prosesi münaqişənin həllinə real töhfə vermək əvəzinə onun uzanmasına və status-kvonun qorunmasına xidmət edə bilir. Uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsinin təcrübəsi də göstərdi ki, səmərəsiz vasitəçilik mexanizmləri bəzən real nəticələrin əldə olunmasına mane olur.
Bu məsələyə İlham Əliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışında xüsusi diqqət ayırıb. Dövlət başçısı qeyd etdi ki, uzun illər ərzində münaqişənin həlli üçün müxtəlif vasitəçilik təşəbbüsləri irəli sürülsə də, onların böyük əksəriyyəti real nəticələr vermədi. Bu proseslər bəzi hallarda münaqişənin həllindən daha çox onun dondurulmasına xidmət edirdi.
Prezident çıxışında vurğuladı ki, Azərbaycan münaqişənin həlli üçün illər boyu beynəlxalq vasitəçilik mexanizmlərində iştirak edib və sülh prosesinə sadiq qalıb. Lakin nəticə etibarilə həmin mexanizmlərin effektiv olmadığı aydın şəkildə üzə çıxdı. Məhz buna görə də yeni reallıqlar fonunda fərqli yanaşmaya ehtiyac yarandı.
Dövlət başçısı çıxışında bu barədə açıq şəkildə bildirdi: “Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq.” Bu fikir Azərbaycanın sülh prosesinə yanaşmasında baş verən dəyişiklikləri və yeni diplomatik xəttin formalaşmasını ifadə edir.
Azərbaycanın mövqeyinə görə, münaqişənin həllində ən effektiv yol tərəflər arasında birbaşa dialoqun qurulmasıdır. Çünki münaqişənin əsas tərəfləri məhz Azərbaycan və Ermənistandır və davamlı sülhün təmin olunması üçün onların birbaşa danışıqlar aparması daha real nəticələr verə bilər. Bu baxımdan vasitəçilərin çoxluğu bəzən prosesin ləngiməsinə və müxtəlif siyasi maraqların ortaya çıxmasına səbəb olur.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, məhz bu səbəbdən Azərbaycan ikitərəfli dialoqun inkişafına üstünlük verdi və danışıqların birbaşa formatda aparılması təşəbbüsü ilə çıxış etdi. Dövlət başçısının sözləri ilə desək, “ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq.”
Bu yanaşma regionda formalaşmış yeni siyasi reallıqlarla da uzlaşır. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yeni diplomatik mərhələ başlayıb. Bu mərhələdə əsas məqsəd uzunmüddətli sülhün təmin olunması, regional əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasıdır.
Birbaşa dialoq formatı tərəflər arasında daha operativ və səmərəli danışıqların aparılmasına şərait yaradır. Bu formatda qəbul olunan qərarlar daha real və praktik xarakter daşıyır. Eyni zamanda üçüncü tərəflərin siyasi maraqlarının prosesə təsir imkanları da azalır.
Müasir diplomatiya təcrübəsi də göstərir ki, bir çox hallarda münaqişələrin həlli üçün tərəflər arasında birbaşa dialoq daha effektiv nəticələr verir. Çünki bu zaman tərəflər məsuliyyəti birbaşa öz üzərlərinə götürür və kompromisə gəlmək imkanları genişlənir.
Azərbaycanın təşəbbüsü ilə formalaşan bu yanaşma Cənubi Qafqaz regionunda yeni siyasi atmosferin yaranmasına da müsbət təsir göstərir. Region ölkələri arasında qarşılıqlı əməkdaşlıq, iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşır.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər bir daha göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində sülh və sabitliyin təmin olunması üçün yeni və daha effektiv diplomatik yanaşmalara ehtiyac vardır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən birbaşa ikitərəfli dialoq modeli isə regionda davamlı sülhün təmin olunması baxımından mühüm perspektivlər yaradır.
Beləliklə, vasitəçilikdən imtina edərək birbaşa danışıqlar formatına keçid Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin daha real və praktik mərhələyə daxil olmasına şərait yaratdı. Bu yanaşma regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın təmin olunması üçün mühüm siyasi əsas formalaşdırır.
Tükəzban Mehtiyeva,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala rayon Uşaq-İncəsənət məktəbinin müəllimi
Digər xəbərlər



