Güclü siyasi iradənin və qətiyyətin təzahürü

Bakı
beynəlxalq tədbirlərə ev sahibliyi edən, sabitliyi və strateji baxışı ilə seçilən
dövlət kimi artıq qlobal diplomatiyanın mühüm platformalarından birinə
çevrilib. Azərbaycanın paytaxtı təkcə regional deyil, həm də Avrasiya
miqyasında dialoq, əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu əsas
mərkəzlərdən biri kimi tanınır. Bu reallığın arxasında isə uzaqgörən siyasi
kurs, balanslı xarici siyasət və ölkəni qlobal tərəfdaşlıqların vacib iştirakçısına
çevirən dövlət başçısının ardıcıl düzgün strategiyası dayanır.
Məhz
bu kontekstdə 2026-cı il martın 11-də Azərbaycanın Prezidenti İlham Əliyev ilə
Antonio Koşta arasında keçirilən görüş və verilən bəyanatlar Avropa İttifaqı
Şurası ilə Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən
mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Prezident
İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycanla Avropa İttifaqı
arasında əlaqələr hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir.
Son illər ərzində Avropa Komissiyası rəsmilərinin Azərbaycana intensiv səfərləri,
yüksək səviyyəli dialoqun davamlılığı və yeni iqtisadi təşəbbüslər tərəflər
arasında strateji əməkdaşlığın genişlənməsindən xəbər verir. İqtisadi göstəricilər
də bu dinamikanı aydın şəkildə təsdiqləyir. Prezidentin qeyd etdiyi kimi,
2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50
faizi Avropa İttifaqının payına düşüb. Bu fakt Avropa İttifaqının Azərbaycanın
bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha göstərir.
Eyni
zamanda, əməkdaşlıq artıq yalnız ticarət müstəvisində deyil. Qarşılıqlı
investisiyalar, sənaye layihələri və yeni maliyyə imkanları tərəfdaşlığın
iqtisadi əsaslarını daha da gücləndirir. Azərbaycan artıq təkcə investisiya cəlb
edən ölkə deyil, həm də Avropada aktiv sərmayə yatıran dövlət kimi çıxış edir.
Hazırda Avropa İttifaqının 10 üzvü Azərbaycan qazı ilə təmin olunur və
ümumilikdə 16 ölkə Azərbaycanın enerji resurslarını idxal edir. Bu göstərici Azərbaycanı
boru kəmərləri vasitəsilə geniş coğrafiyaya qaz ixrac edən aparıcı ölkələrdən
birinə çevirib.
Bu
prosesdə mühüm rol oynayan layihə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsində strateji əhəmiyyət kəsb edir. Məhz bu layihə vasitəsilə
Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və alternativ enerji mənbələrinin
şaxələndirilməsinə töhfə verir.
Prezident
İlham Əliyevin bəyanatına görə, yaxın iki-üç il ərzində Azərbaycan qaz
hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Yeni yataqların
istismara verilməsi nəticəsində mövcud həcmlərə əlavə olaraq minimum 10 milyard
kubmetr qazın bazara çıxarılması nəzərdə tutulur.
Azərbaycan
enerji əməkdaşlığını yalnız ənənəvi karbohidrogen resursları ilə məhdudlaşdırmır.
Dövlət başçısının vurğuladığı kimi, ölkə paralel olaraq bərpaolunan enerji
istiqamətində də böyük layihələr həyata keçirir. Prezident İlham Əliyevin
çıxışında xüsusi diqqət çəkən məqamlardan biri regionda formalaşan yeni sülh
mühitidir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, dövlət
başçısının qeyd etdiyi kimi, ölkə yalnız son yeddi ay ərzində tam sülh şəraitində
yaşamağa başlayıb. Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişi
regionda yeni geosiyasi reallıqların formalaşmasına şərait yaradıb. Artıq iqtisadi
əməkdaşlıq istiqamətində də konkret addımlar atılır. Azərbaycan Ermənistana
mühüm neft məhsullarının təchizatına başlayıb, eyni zamanda digər ölkələrdən
Ermənistana yönələn yüklərin Azərbaycan ərazisindən tranziti üçün məhdudiyyətlər
aradan qaldırılıb.Bu addımlar yalnız siyasi bəyanatlar deyil, real əməkdaşlıq
nümunələri kimi sülh prosesinə praktiki məzmun qazandırır. Orta Dəhliz və yeni
iqtisadi imkanlar da zamanın prioritet mövzularındandır. Regionda sülh
mühitinin yaranması logistika və nəqliyyat sahəsində də yeni perspektivlər
açır. Xüsusilə Orta Dəhliz layihəsinin genişlənməsi Avropa ilə Asiya arasında
ticarət əlaqələrinin daha sürətli və təhlükəsiz şəkildə inkişafına imkan verir.
Azərbaycanın coğrafi mövqeyi bu marşrutda mühüm tranzit rolunu təmin edir. Bakı
artıq Şərq–Qərb nəqliyyat xəttinin əsas qovşaqlarından biri kimi çıxış edir və
bu mövqe ölkənin geoiqtisadi əhəmiyyətini daha da artırır. Bütün bu amillər
göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri yalnız enerji və ticarətlə
məhdudlaşmır. Bu əməkdaşlıq təhlükəsizlik, logistika, yaşıl enerji, investisiya
və regional sabitlik kimi çoxşaxəli sahələri əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlir. Prezident İlham Əliyevin bəyanatında ifadə olunan fikirlər Azərbaycanın
həm regional, həm də qlobal səviyyədə məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini
göstərir. Siyasi iradə, iqtisadi potensial və sülhə yönəlmiş siyasət Azərbaycanın
Avropa ilə münasibətlərini daha da dərinləşdirəcək əsas faktorlar kimi qiymətləndirilə
bilər. Bu baxımdan, Bakıda keçirilən görüş və səsləndirilən bəyanatlar təkcə
ikitərəfli münasibətlərin inkişafını deyil, eyni zamanda Avrasiyada formalaşan
yeni əməkdaşlıq arxitekturasını da əks etdirən mühüm siyasi hadisə kimi tarixə
düşür.
Hökmalı
Mirzəyev,
YAP
Hacıqabul rayon təşkilatının sədr müavini.
Digər xəbərlər



